2021-02-24

Xarici işlər naziri Ceyhun Bayramov Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Fevralın 19-da xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib. Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. Nazir Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad edilmiş ərazilərə terrorçu diversant qrupun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və cinayət tərkibli bu əməllərin yolverilməzliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu əlaqələrin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlar haqqında ətraflı məlumat verib.

Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestutis Yankauskas ətraflı məlumata görə təşəkkürünü bildirib, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib. Avropa İttifaqının münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir Aİ-nin münaqişə sonrası prosesdə oynaya biləcəyi rol barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.

Sonra nazir Ceyhun Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb.

AZERTAC

Arxiv üzrə axtarış