Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib
Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edilib.
Əvvəlcə nazirlər görüşün yekunlarına dair birgə Bəyanatı imzalayıblar.
Sonra nazirlər üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.
Mövlud Çavuşoğlu bildirib ki, 2014-cü ildə əsası qoyulan Azərbaycan, Türkiyə, Türkmənistan üçtərəfli platforması bölgənin inkişafına mühüm töhfələr verib. Bu gün keçirilən görüşdə nəqliyyat və enerji məsələləri gündəlikdəki ən əsas məsələlərdən idi. Nazir Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı imzalanan Anlaşma Memorandumundan Türkiyənin məmnunluğunu ifadə edib.
Qeyd edib ki, görüşdə, həmçinin terrorizmlə mübarizə, İslam ölkələri arasında əməkdaşlıq əlaqələrinə dair məsələlər də müzakirə edilib. Görüşün səmərəli keçdiyini söyləyən türkiyəli nazir gələcək əməkdaşlıqla bağlı önəmli təkliflərin olduğunu vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Ankarada həm ikitərəfli, həm də üçtərəfli formatda önəmli müzakirələrin aparıldığını diqqətə çatdırıb. Nazir bildirib ki, bu gün Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarımızın rəhbərliyi ilə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. 44 gün davam edən Vətən müharibəsi dövründə də Azərbaycan qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin şahidi oldu.
Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin artıq fəaliyyətə başladığını söyləyən nazir regionda dayanıqlı sülhün təmin olunmasında Türkiyənin rolunu xüsusi vurğulayıb. Bildirib ki, Türkiyənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində və bərpa-quruculuq işlərində iştirakı, hər zaman olduğu kimi Azərbaycanın yanında olması ölkələrimiz arasındakı münasibətlərin göstəricisidir.
Ceyhun Bayramov görüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ilə bağlı da fikir mübadiləsinin aparıldığını bildirib, fevralın 19-da İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin, protokolun imzalanmasının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyindən əminliyini ifadə edib.
Azərbaycanın xarici işlər naziri bildirib ki, üçtərəfli formatda keçirilən görüşdə qarşılıqlı maraq doğurun müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edib ki, görüşdə müxtəlif sahələrlə bağlı bir sıra təkliflər səsləndirilib. Ceyhun Bayramov diqqətə çatdırıb ki, görüşdə ticarət, gömrük, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, təhlükəsizlik və bir sıra digər sahələrə dair məsələlər müzakirə edilib.
Türkmənistanın xarici işlər naziri də çıxışında üç qardaş ölkənin nazirlərinin iştirakı ilə keçirilən görüşdə çox önəmli məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan, Türkiyə və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsindəki birgə fəaliyyətindən bəhs edib. O, bu gün keçirilən görüşdə siyasi əməkdaşlıqla yanaşı, nəqliyyat, enerji, informasiya texnologiyaları və digər sahələrdə də əlaqələrinin genişləndirilməsi imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.