Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
Mən Azərbaycanda sonuncu dəfə 2004-cü ildə olmuşam. O vaxtdan bəri ölkənizdə bir çox irəliləyişlər baş verib, hətta “Qara şəhər” “Ağ şəhər”ə çevrilib. Ölkənizə budəfəki səfərimizin əsas məqsədi Fransaya qayıtdıqdan sonra orada Azərbaycan dövlətinin həm dünyəvi, multikultural, həm də müxtəlif mədəniyyətləri və konfessiyaları qoruyan ölkə olduğunu göstərməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Fransa Milli Assambleyasının deputatı Frederik Düma deyib.
Ötən il sentyabrın 27-də Qarabağda başlayan müharibəyə toxunan deputat bildirib ki, Fransa Senatının Dağlıq Qarabağla bağlı birtərəfli qanun layihəsi qəbul etməsi rəsmi Parisin beynəlxalq öhdəliklərinə ziddir. Çünki Fransa 1990-cı illərdə Ermənistanın təkcə Dağlıq Qarabağı deyil, ətraf 7 rayonu da işğal etdiyi birinci müharibədən sonra BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməyə imza atan ölkədir.
Fransa ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu bildirən Frederik Düma deyib ki, əməkdaşlıq münasibətləri elm, ticarət və digər sahələri əhatə edir. Həmçinin Fransa şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər.
Deputat diqqətə çatdırıb ki, dünyəvi, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkə olan Azərbaycanla bağlı məlumatların Fransa ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasına ehtiyac var. O qeyd edib ki, dünyada ifadə azadlığının, insan hüquqlarının, dəyərlərin müdafiəçisi kimi tanınan Fransa Qarabağdakı müharibədə neytrallığını qoruya, hətta Azərbaycana qarşı ədalətli ola bilmədi.
Azərbaycanın mədəni və dini irsin qoruduğunu nümayiş etdirmək üçün UNESCO-nun missiyasının işğaldan azad edilmiş ərazilərdə araşdırma aparmasına icazə verdiyini deyən fransalı deputat bitərəf və obyektiv bir araşdırmanın münaqişə tərəflərinin hər ikisi üçün əhəmiyyətli olacağını bildirib.
Sonda F.Düma Azərbaycana növbəti səfərlərində Ağdam və Tərtər rayonlarında, həmçinin işğaldan azad edilmiş digər ərazilərə getmək, orada törədilənləri öz gözləri ilə görmək niyyətində olduqlarını ifadə edib.