2021-01-25

AŞPA-nın qış sessiyası işə başlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hibrid formatda keçirilən qış sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Qış sessiyası zamanı COVID-19 pandemiyasına qarşı peyvəndlə bağlı müzakirələr aparılacaq. Təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətində məhdudiyyətlər, eləcə də xroniki və uzun müddətli xəstəlikləri olan insanlara qarşı ayrı-seçkilik və digər məsələlər də sessiyanın gündəliyində yer alıb.

Tədbir çərçivəsində Avropa Şurasının Baş katibinin müavininin, Assambleyanın Baş katibinin, Avropa İnsan Haqları Məhkəməsinin Yunansıtan və İsveçrə üzrə hakimlərinin fərdi elektron səsvermə yolu ilə seçkiləri keçiriləcək.

Sessiyada, həmçinin Polşa və Moldovada hakimlərin müstəqilliyinə, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının həyata keçirilməsinə, Assambleyanın monitorinq proseduruna, Monteneqro postmonitorinq dialoquna, Gürcüstanda parlament seçkilərinə, Assambleyanın Nizamnaməsində dəyişikliklərə dair müzakirələr nəzərdə tutulub.

AZERTAC

Arxiv üzrə axtarış