Vladimir Putin: Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir
Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri Moskvada bu gün keçirilən mətbuat konfransında söyləyib.
V.Putin Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının başlanmasının səbəbləri barədə sualın cavabında deyib: “Bu, nə üçün oldu? Vəziyyət nəzarətdən çıxmışdı, gərginlik illər boyu davam edirdi. Bunun kənardan hansısa müdaxilə ilə bağlı olduğunu düşünmürəm. Dəfələrlə gərginlik yaranır, atışmalar, xırda toqquşmalar olurdu. Nəticədə bütün bunlar münaqişə səviyyəsinə çatdı”.
RF Prezidenti vurğulayıb ki, Qarabağ məsələsində Türkiyənin mövqeyi bu ölkənin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslanır. V.Putin deyib: “1990-cı illərdə hərbi toqquşmaların gedişində işğal edilmiş ərazilərin qaytarılmasından söhbət gedirdi. Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağın müstəqilliyini Ermənistan özü də tanımayıb və bu mənada Dağlıq Qarabağ özü də beynəlxalq hüquq baxımından Azərbaycandır”.
Rusiya Prezidentinin sözlərinə görə, üçtərəfli bəyanat çərçivəsində döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edilib və tərəflər üçtərəfli bəyanatın imzalandığı anda olduqları mövqelərdə dayanmalıdırlar. Bununla əlaqədar infrastrukturla bağlı texniki məsələlər yaranır. V.Putin vurğulayıb: “Bu məsələləri sakit şəraitdə, danışıqlar prosesinin gedişində aydınlaşdırmaq lazımdır. Ona görə ki, üçtərəfli bəyanat buna əsas verir. Növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalı, iqtisadi və infrastruktur potensialı üzə çıxarılmalıdır. Bu, avtomobil yollarına və dəmir yollarına, Naxçıvana yola da aiddir. Atəşkəs rejiminin pozulması məsələsinə gəldikdə, belə hadisə bir dəfə olub və ümidvaram ki, bu, yeganə hal kimi qalacaq”.
V.Putinin sözlərinə görə, Dağlıq Qarabağda rusiyalı sülhməramlılar kontingentinin sayının artırılması yalnız bütün tərəflər arasında razılaşma əsasında mümkündür.