2020-12-07

“EU Politics” portalı AZƏRTAC-ın Xudavəng məbəd kompleksi ilə bağlı məqaləsini fransız dilində yayıb

Avropa İttifaqının “EU Politics” informasiya-analitik portalı AZƏRTAC-ın “Daşlarda elə informasiyalar var ki, onları silmək mümkün deyil - Xudavəng monastır kompleksi” sərlövhəli məqaləsini fransız dilində yayıb.

Məqalədə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən, Qafqaz Albaniyası dövrünə aid Xudavəng məbəd kompleksinin tarixindən, onun erməniləşdirilməsi cəhdlərindən bəhs olunur. Qeyd edilir ki, ermənilər Azərbaycan xalqına məxsus dini, tarixi-mədəniyyət abidələrini öz adlarına çıxmaq üçün hər cür saxtakarlığa əl atırlar. Kəlbəcərdəki Xudavəng monastırı da bu qəbildəndir.

Azərbaycan Alban-udi dini icmasının sədri Robert Mobiliyə istinadla qeyd edilir ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar monastırın giriş qapısındakı erməni xaçkarlarından və daxildəki bir çox müasir xaç elementlərindən aydın şəkildə görünür.

Məqalədə Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin işğaldan azad olunmuş Kəlbəcərə gələrək bu monastır kompleksində dini ayinlər icra etmələrindən də bəhs edilir.

AZERTAG

Arxiv üzrə axtarış