2020-11-30

“France-24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

“France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir: “Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

AZERTAC

Arxiv üzrə axtarış