2020-11-19

Fransada yaşayan soydaşlarımız bu ölkənin Avropa və xarici işlər nazirinə müraciət ünvanlayıblar

Azərbaycanın paytaxtı Bakıda Korsika Milli Qurtuluş Cəbhəsinin nümayəndəliyi fəaliyyət göstərsəydi və Korsikanın fəxarət rəmzi olan Korsika Milli Qurtuluş Cəbhəsinin bayrağı 27-28 oktyabr tarixlərində Ermənistanın raket hücumundan əziyyət çəkən Bərdə adlı kiçik şəhərin meriyasının qarşısında dalğalansaydı, necə reaksiya verərdiniz? Qadın və uşaqlar da daxil olmaqla, 20-dən çox mülki şəxsin həlak olması və 80-dən çox insanın yaralanması ilə nəticələnən hücumdan danışırıq. Hər zaman könüllü olaraq insan hüquqları mövzusunda dərs verən nazirliyiniz bu hərbi cinayətlərə göz yumdu. Azad edilmiş şəhərlərin görüntüləri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın beynəlxalq hüquqa ciddi şəkildə zidd olan aktiv müstəmləkəçilik siyasəti apardığını aydın şəkildə göstərir. Bununla belə, cənab nazir, nazirliyiniz buna da biganə qalır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransada yaşayan soydaşlarımızın Qarabağ məsələsində bu ölkənin qərəzli mövqeyinə etiraz əlaməti olaraq Avropa və xarici işlər naziri Jan-İv Lö Driana ünvanladıqları və “Mediapart” portalında dərc olunmuş müraciətdə yer alıb.

Müraciətdə Qarabağın tarixi ilə bağlı ətraflı məlumat verilib. İyul ayından etibarən separatçı qurumun qondarma “bayrağı”nın Bourg-lès-Valence şəhərinin bələdiyyə binasının qarşısında dalğalandığı, ancaq Fransa XİN-in fransız qanunlarının pozulmasına reaksiya göstərmədiyi pislənilib.

Bu cür faktların yeni olmadığı bildirilərək, Parisdə 2008-ci ildən bəri “Dağlıq Qarabağ respublikası”nın Fransadakı “daimi nümayəndəliyi”nin Fransa-Azərbaycan münasibətlərini pozmaq üçün iş apardığı diqqətə çatdırılıb.

Bildirilib ki, sentyabrın 27-də müharibə başlayandan Fransada həm mediada, həm də Milli Assambleyada və bu gün qanunsuz, qərəzli, konstitusiyaya zidd və hər şeydən əvvəl, ən aşağı erməni millətçi instinktləri ilə bağlı qeyri-qanuni arzunu dilə gətirən Paris meriyasının divarları arasında özünü göstərən açıq anti-Azərbaycan isterikası nümayiş olunur. Biz, Azərbaycan mənşəli Fransa vətəndaşları, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Avropa və Xarici İşlər Nazirliyinin ermənipərəst mövqeyindən qəzəblənirik.

Azərbaycan mənşəli Fransa vətəndaşları Milli Assambleyada hakim partiyanın millət vəkillərinin qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması bəyannaməsinin qəbul edilməsi üçün kampaniya apardığını bildirərək, bununla ciddi şəkildə qanundan kənara çıxdıqlarını və Fransa XİN-in bu separatçı qurumla bağlı reaksiya verməməsinə təəssüflərini bildiriblər.

Qeyd olunub ki, bir çox fransız mediası erməni əsilli Fransa vətəndaşlarının Qarabağdakı döyüş bölgəsinə göndərilməsinin görüntülərini yayıb. Bu vəziyyət Fransanın vasitəçi statusu yox, muzdluların işə götürülməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı 4 dekabr 1989-cu il tarixli Beynəlxalq Konvensiyanın açıq şəkildə pozulmasıdır.

Azərbaycan mənşəli Fransa vətəndaşları diplomat və siyasətçi kimi bu qərəzliliyin iki ölkə arasındakı dostluğa və münasibətlərə yaratdığı təhlükəli nəticələri anlayacağına ümid etdiklərini bildiriblər.

Fransa xarici işlər nazirinə ünvanlanan müraciət bu ölkədə fəaliyyət göstərən aşağıdakı assosiasiyaların rəhbərləri tərəfindən imzalanıb:

Lionda fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova, Parisdəki Ulduz Mədəniyyət Assosiasiyasının prezidenti Aytən Muradova, Parisdəki Fransada Azərbaycanlı Gənc Alimlər Assosiasiyasının administratoru Şəbnəm Süleymanova, Parisdə Fransa-Azərbaycan Gənclər Assosiasiyasının prezidenti Kəmalə Gülməmmədova, Nant Fransada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Toğrul Zeynalov, Strasburqdakı Fransada Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Fərid Əliyev, Strasburqda Kəpəz Assosiasiyasının prezidenti Dilbadi Qasımov.

AZERTAC

Arxiv üzrə axtarış