2020-11-13

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər bölgədə mövcud olan son vəziyyət, tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar üçtərəfli bəyanatın imzalanması, o cümlədən BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xarakterli mübadilələrin həyata keçirilməsi, eləcə də yeni kommunikasiya xətlərinin inşası da daxil olmaqla bütün kommunikasiyaların açılması kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Ali nümayəndə Cozef Borel noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən üçtərəfli bəyanatın imzalanmasını müsbət dəyərləndirib. O, razılaşmaya hörmətlə yanaşılmasının və onun icrasının təmin edilməsinin vacibliyini qeyd edib. Cozef Borel tərəflər arasında dialoqun davam etməsinin zəruriliyini vurğulayıb.

AZERTAC

Arxiv üzrə axtarış