2020-11-12

Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi qeyd olunub

Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri və hakimləri Əsas Qanunun qəbul edilməsinin 25 illiyi münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Konstitusiya Məhkəməsində bu münasibətilə tədbir keçirilib. Tədbiri açan sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin hakimlərini və Aparatın əməkdaşlarını təbrik edib. Bildirib ki, Konstitusiyanın 25 illiyi əlamətdar bir dövrdə qeyd olunur. Bu günlərdə xalqımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şanlı qələbəsini bayram edir.

Diqqətə çatdırılıb ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, ölkəmizə qarşı geniş miqyaslı hərbi təxribatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsi başlandı. Ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək işğalçılara sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu qısa müddətdə 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra mühüm əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən qələbəni təsdiq edən tarixi bəyanat imzalandı.

Konstitusiya Məhkəməsinin sədri xatırladıb ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə xaos yaşanırdı, Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləmişdi. Belə bir mürəkkəb vaxtda xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxardı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Ölkəmizin Əsas Qanunu müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəd kimi çıxış edir.

Sədr vurğulayıb ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Ötən 25 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Konstitusiyaya bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Əsas Qanunun mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib.

Qeyd olunub ki, həmin əlavələr və dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əsas hissəsi insan hüquq və azadlıqlarının məzmununun genişləndirilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar insan hüquq və azadlıqlarının daha səmərəli üsul və vasitələrlə müdafiə olunmasını, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlətin məsuliyyətinin artırılmasına yönəlib. Konstitusiya islahatları Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin daha da genişləndirilməsi məqsədlərinə xidmət edib. Son referendumun nəticələri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin dayanıqlı inkişafına və sosial rifahın təmin olunmasına yönələn siyasətin Azərbaycan xalqı tərəfindən birmənalı dəstəkləndiyini nümayiş etdirdi.

Sədr bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi illər ərzində qəbul etdiyi bir çox qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırıb. Konstitusiya Məhkəməsi, həmçinin konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarını davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarının gücləndirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi islahatlar ölkəmizin davamlı inkişafını təmin edir. Konstitusiya Məhkəməsi də, öz növbəsində, Konstitusiyanın aliliyinin, insan hüquq və azadlıqlarının, habelə ədalət ideallarının müdafiəsi işinə töhfə verməyə çalışır.

Tədbirin sonunda qeyd edilib ki, Konstitusiya Məhkəməsinin kollektivi Konstitusiya Günü münasibətilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək olaraq, yaralı əsgərlərimizə dərman vasitələri göndərib, onların ailələrinə ərzaq payları çatdırıb.

AZERTAC

Arxiv üzrə axtarış