Ceyhun Bayramov: Ermənistanın açıq-aydın müharibə cinayəti olan əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalıdır
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasdakı çıxışı zamanı nazir Ceyhun Bayramov Yunanıstan Hökumətinə Nazirlər Komitəsində sədrliyinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb və Azərbaycanın gələcək Almaniya sədrliyinə tam dəstəyini ifadə edib.
2021-ci ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümünün tamam olacağını qeyd edən nazir deyib: “Ötən illər ərzində təşkilatda üzvlük Azərbaycanda insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətin gücləndirilməsinə töhfə verib və biz bu vacib işi davam etdirməyə hazırıq”.
Ceyhun Bayramov, həmçinin bildirib: “Avropa Şurasına üzv olarkən Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə birgə öhdəlik götürüb. Bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin qeyri-qanuni işğalı və 1 milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrilməsi ilə nəticələnib. ATƏT-in Minsk qrupu çərçivəsində son 28 il ərzində aparılan vasitəçilik səyləri Ermənistanda bir-birini əvəz etmiş hökumətlərin təcavüzkar və işğalçı siyasəti səbəbindən heç bir nəticə verməyib. Xatırlatmalıyam ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistan tərəfindən səmərəli nəzarətin həyata keçirildiyini təsbit edib. Hətta bu qərardan sonra da Ermənistan öz məsuliyyətini rədd etməkdə davam edib və buna görə heç bir sanksiyaya məruz qalmayıb.
“Qarabağ Ermənistandır” bəyanatı, eləcə də “yeni ərazilər üçün yeni müharibə” doktrinasının elan edilməsi də daxil olmaqla, təxribat xarakterli silsilə addımlarının davamı olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi sentyabrın 27-də Azərbaycana qarşı yeni hərbi təcavüzə başlayıb. Hərbi əməliyyatların ilk ünündən etibarən, Ermənistan Azərbaycanın sıx məskunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutmaqdadır. Bu hücumlar nəticəsində 12-si uşaq olmaqla, 91 nəfər mülki vətəndaş həlak olub, 400-dən artıq şəxs isə yaralanıb. Xüsusilə, Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə gecə saatlarında edilmiş və çoxsaylı mülki şəxslərin qətli ilə nəticələnmiş iki ballistik raket hücumu, habelə Bərdə şəhərinə digər 2 qeyri-insani və xain raket hücumunu qeyd etmək istərdim. Ermənistanın açıq-aydın müharibə cinayəti olan bu əməlləri Avropa Şurası daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalıdır”.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın təcavüzünə cavab xarakterli əks-hücum tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsində göstərilən özünümüdafiə hüququ çərçivəsində aparır və bu xüsusda, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiq qalır. Azərbaycan, sadəcə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinin icrasına çalışır. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) və 1614 (2008) saylı qətnamələri BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə əməl olunmasını tələb edir və öz ərazi bütövlüyünün bərpasına çağırır.
Ceyhun Bayramov bildirib ki, bu, Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının sülh şəraitində birgəyaşayışının, eləcə də Avropa Şurasının iki üzv dövləti arasında davamlı sülhün və daha geniş bölgədə əmin-amanlığın bərqərar olunmasının ən qısa yoludur.