2020-10-18

Daimi nümayəndə: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək Avropa Şurasının vəzifəsidir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək Avropa Şurasının borcudur. Avropa Şurası bütün vasitələrlə Ermənistanı başa salmalıdır ki, rəsmi Yerevan beynəlxalq hüquqa və qurumun Azərbaycanda daxil olmaqla, bütün üzv dövlətlərinin ərazi bütövlüyünə hörmət etməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov “L’Humanite” qəzetinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Sentyabrın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq qərar qəbul edib. Avropa Məhkəməsi qərarında Ermənistanı və Azərbaycanı Konvensiyaya əsasən mülki əhalinin hüquqlarının pozulması ilə nəticələnə biləcək tədbirlərdən çəkinməyə çağırıb. Avropa Şurasının bütün bu sənədlərindən sitat gətirməklə vurğulamaq istəyirəm ki, təşkilat iki üzv dövləti arasındakı qarşıdurmaya laqeyd qalmamalıdır”, - deyə F. İsmayılov vurğulayıb. O qeyd edib ki, bu münaqişənin sülh yolu ilə həllinə töhfə vermək təşkilatın vəzifəsidir.

F. İsmayılov bildirib ki, bu gün Minsk qrupu danışıqların aparılması üçün yeganə beynəlxalq çərçivə olaraq qalır. Ermənistanın son günlər danışıqların formatının dəyişdirilməsinə cəhd etməsindən söz açan daimi nümayəndə bildirib ki, rəsmi Yerevan dekonstruktiv mövqeyi ilə danışıqlar masası üzərindəki bütün sənədləri sual altına qoyur.

“Minsk qrupu iki ölkə arasında 28 ildir aparılan danışıqlarda nəzərəçarpacaq nəticələrə və davamlı sülhə nail olmalıdır”, - deyən F.İsmayılov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasının səbəbi son aylarda Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışları olub.

Daimi nümayəndə, həmçinin münaqişənin həlli istiqamətində beynəlxalq mexanizmlərdən söz açıb, cari ilin iyulunda Ermənistanın ölkəmizin Tovuz rayonu istiqamətində hərbi təxribatının məqsədlərinə toxunub. Eyni zamanda, qeyd edib ki, sentyabrın 27-də səbri tükənən Azərbaycan Ermənistanın təxribatlarına cavab vermək və əhalisinin təhlükəsizliyini qorumaq üçün əks-hücuma keçib.

F.İsmayılov humanitar atəşkəsə baxmayaraq, Dağlıq Qarabağdan uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzində yaşayış binalarının Ermənistan tərəfindən bombardman edilməsindən, mülki əhalinin həlak olmasından da danışıb.

AZERTAC

Arxiv üzrə axtarış