2020-10-10

Ermənistana son şans: danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir

Oktyabrın 9-da Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü keçirildi. On bir saat davam edən görüşün yekunlarında nazirlərin birgə bəyanatı qəbul edildi.

AZƏRTAC xəbər verir ki, bəyanata əsasən, oktyabrın 10-da saat 12.00-dan etibarən tərəflər humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunması barədə razılığa gəliblər. Bununla belə qeyd olunur ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Həmçinin Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar və tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Artıq danışıqların gedişində şərtləri
Azərbaycan müəyyən edir

İlk olaraq qeyd edilməlidir ki, danışıqların 11 saat davam etməsi prosesin kifayət qədər mürəkkəbliyindən xəbər verir. Əlbəttə ki, Ermənistanın 30 ilə yaxın bir müddətdə davam edən işğalı və bu müddətdə ona heç bir təzyiqin edilməməsi vəziyyətin bu dərəcə gərginləşməsinə əsas səbəbdir. Demək olar ki, ötən müddət ərzində münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı.

Təbii ki, bütün bunlar nə Azərbaycan xalqını, nə dövlətimizin başçısı İlham Əliyevi qane edə bilməzdi. Azərbaycan Prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xalqımızın mövqeyini bütün dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın bir qarış torpağını belə güzəştə getməyəcəyini, ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayırdı. Lakin Ermənistan rəhbərliyi və onun havadarları elə düşünürdülər ki, uzun müddət status-kvonu qoruyub saxlamaqla Azərbaycanın bu mövqeyini dəyişdirə bilərlər.

Sentyabrın 27-də düşmən təxribatına əks-hücum əməliyyatı ilə cavab verən Azərbaycan 14 gün ərzində bir daha bütün dünyaya göstərdi ki, xalqımızın səbir kasası artıq dolub və münaqişəni hərb yolu ilə həlli mümkündür. Azərbaycan Prezidentinin xalqın maraqlarına söykənən iradəsi qarşısında heç bir mövqe və təzyiq duruş gətirə bilməz. Xalqımız işğal faktoru ilə barışmır, heç vaxt da barışmayacaq və ərazilərini azad etmək əzmindədir.

Bu döyüşlər həm də danışıqların aparılması üçün də əlverişli zəmin yaradır. Belə ki, Paşinyan hökuməti artıq müharibədə böyük uğursuzluqlara düçar olduqlarını etiraf edərək Azərbaycanın diktə etdiyi şərtlər əsasında danışıqlara başlamağa hazırdır. Bu isə o deməkdir ki, bu müharibə danışıqlar prosesinin mənzərəsini tamamilə dəyişdi. Ağ bayraq qaldıran Paşinyanın Azərbaycanın şərtləri ilə razılaşmaqdan başqa yolu yoxdur. Azərbaycanın irəli sürdüyü şərtləri isə Prezident İlham Əliyev artıq bir neçə dəfə açıq şəkildə vurğulayıb. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar. Bu, Azərbaycanın münaqişənin ədalətli həlli ilə bağlı irəli sürdüyü əsas şərtlərdir və danışıqlar yalnız bu tələblər əsasında aparılmalıdır. Yəni, Azərbaycan bəyan edib ki, imitasiya naminə hər hansı danışıqda iştirak etməyəcək, danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır.

Ermənistana son şans

Ermənistan da, onun havadarları da bilməlidirlər ki, humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Əgər Ermənistan yenə hansısa təxribata əl ataraq, danışıqlar prosesindən yayınmağa cəhd edərsə, onu daha böyük fəlakət gözləyəcək. Ermənistan baş naziri əsgərlərini döyüş meydanında öldürmək yolunu deyil, Azərbaycanın tarixi torpaqlarından çıxarmaq yolunu seçməli və münaqişənin ədalətli həllinə nail olunmalıdır. Belə olarsa, həm də qan tökülməsinin qarşısı alınacaq və bölgədə sülh və sabitlik bərqərar olacaq. Paşinyan Azərbaycan Prezidentinin ona verdiyi bu son şansı dəyərləndirməlidir.

Son proseslər göstərdi ki, nə Ermənistanın, nə də başqa bir dövlət və ya qurumun Azərbaycana nəyisə diktə etməsi mümkünsüzdür. Döyüşlərin ilk günündən müxtəlif ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Prezidentinə zəng vuraraq döyüşlərin dayandırılması çağırışı etdilər. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi təzyiqlərə məharətlə sinə gələrək, vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

Təbii ki, diplomatiya müstəvisində atılacaq hər bir addım rasional məntiqə əsaslanmalıdır. Çünki hərbi üstünlüklərimizin qorunub saxlanılması çox önəmlidir və belə olan halda heç bir səhvə yol verilməməlidir. Bu baxımdan humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Əgər Ermənistan humanitar atəşkəsdən səmərəli istifadə edib öz qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.

Azərbaycan tərəfi qətiyyətlə bildirir ki, mahiyyətli danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan planın təqdim olunması zəruridir, təmas xətti deyilən anlayış yoxdur. Son döyüşlər göstərir ki, münaqişənin hərbi həlli yoxdur tezisi artıq darmadağın edilib.

On dörd gündür davam edən hərbi əməliyyatlarda bütün dünya Azərbaycan xalqının əzmini gördü. Həm düşmən, həm də havadarları gördülər ki, ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir və Azərbaycan hansı yolla olur-olsun ərazi bütövlüyünü bərpa edəcək. Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

AZERTAC

Arxiv üzrə axtarış