2020-10-10

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, ancaq bütün bu xəbərdarlıqlara beynəlxalq birlik tərəfindən heç bir reaksiya olmadı, Ermənistana qarşı heç bir tədbir görülmədi. Elə bu səbəbdən, cəzasızlıqdan istifadə edərək 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və xalqımız bütünlüklə Ali Baş Komandanın ətrafında səfərbər olub. Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra yaşayış məntəqələrimizin işgalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb. Azərbaycan Ordusunun müxtəlif qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz, əlverişli yüksəkliklər və ərazilər azad olunub.

Döyüşlər başlayandan iki gün sonra, sentyabrın 29-da “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən Azərbaycan Prezidenti cəbhə bölgəsindəki real vəziyyət barədə ciddi faktları və əsaslandırılmış informasiyaları, konkret mesajları Rusiya, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistanın baş nazirinin verilişdəki çıxışı isə ənənəvi feyk xarakterli, cəfəng məlumatlar əsasında quruldu. Bunun davamı olaraq Azərbaycan Prezidentinin son günlər ərzində “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, CNN Türk, “Euronews”, “Sky News”, “RBK” televiziya kanallarına, “CNN International” televiziya kanalının “Connect the World” verilişində verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısının son müsahibələri informasiya müharibəsində Azərbaycanın ədalətli mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində olduqca dəyərlidir.

Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Bu baxımdan, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən deyib: “Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.

Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin zəfər çalacağını şərtləndirib.

Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Otuz il ərzində qurulmuş və daim möhkəmləndirilmiş bu status-kvo sistemi Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində dağıldı, Azərbaycan işğalla heç zaman barışmayacağını sübut etdi. Status-kvo dəyişdi, eləcə də hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Prezident İlham Əliyev qəti və hücum diplomatiyasına əsaslanan gedişlərlə regionun geosiyasi mənzərəsini dəyişir.

Azərbaycan Prezidenti İlham Əliyev işğalçıya sonuncu dəfə şans verərək deyib: “Bu gün bütün cəbhəboyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.

Qeyd edək ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirir. Ötən gün Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər səviyyəsində görüşünün iştirakçıları xüsusi bəyanat qəbul ediblər. Bəyanatda Hərəkatın üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlanmasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər. Qoşulmama Hərəkatının nazirlər görüşü Ermənistan ilə Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) əsasında həllinə dəstəyini bir daha təsdiqləyir. Hərəkatın üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və təşkilatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan ilə həmrəyliklərini bildirirlər.

Qeyd edək ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğu 9 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş dairələrində məlumatlandırılması artıb, təşkilatın sənədlərində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən Zirvə görüşündə bildirdi ki, ölkəmiz Hərəkatda sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq, xüsusilə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Bu baxımdan, Zirvə görüşü ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi.

Bütün bunların nəticəsidir ki, informasiya müharibəsində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrilir və artıq danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir. Təhlil onu söyləməyə əsas verir ki, Azərbaycanın böyük diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

AZERTAC

Arxiv üzrə axtarış