Erməni hərbçilərinin müharibə cinayətləri davam edir – Bərdədən görüntülər VİDEO
Erməni silahlı qüvvələri bu gün yenidən Beyləqan, Bərdə və Tərtər şəhərlərində dinc sakinləri hədəf alıb.
AZƏRTAC-ın Bərdəyə ezam olunmuş müxbiri xəbər verir ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirir. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılır, infrastruktura ciddi ziyan dəyir.
Buna baxmayaraq, Azərbaycan Ordusunun qələbə xəbərləri rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Hər bir insan müsəlləh əsgər kimi torpağımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşə qatılmağa hazırdır.
Bərdə sakini Fərhad Əliyev: Heç kim düşmənin raket atəşindən qorxmur. Düşmənlə bizim fərqimiz budur. Onlar ön xətdə də bizdən qorxurlar. Qorxaq olduqları üçün şəhərlərimizi atəşə tuturlar. Bir bərdəli kimi deyirəm ki, hamımız əldə silah savaşa getməyə, torpaqlarımızı düşməndən azad etməyə hazırıq.
Rayonda məskunlaşan Xocavənddən olan məcburi köçkün Rəşadət Hacıyev: İki oğlum döyüşdədir. Mən də müharibə veteranıyam. Torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün döyüşə getməyə hazıram. Ermənistan ordusu terroristlərdən ibarətdir. Gücləri ancaq mülki əhaliyə atəş açmağa çatır. Bununla da vəhşiliklərini göstərirlər. Ancaq bu, çox çəkməyəcək. Azərbaycan Ordusunun cəbhədə uğurlu əməliyyatları davam edir. Tezliklə Vətən torpaqlarını onlardan təmizləyəcəyik.
Ağdamdan olan Qabil Əhmədov da rayonda məskunlaşan məcburi köçkünlərdəndir. O deyib: Biz ermənilərin məqsədini bilirik. Onlar bizi qorxu altında saxlamaq istəyirlər. Lakin düşmənin bu niyyəti həyata keçməyəcək. Hara raket atsalar da, hansı şəhəri atəşə tutsalar da bu xalq qorxan deyil. Bizim qətiyyətli Prezidentimiz var, bizim güclü ordumuz var. Düşmənlərimiz bilsinlər ki, biz bütün torpaqlarımızı azad edəcəyik. Ordumuzla döyüşdə məğlub olurlar, əvəzinə şəhərlərimizi, kəndlərimizi atəşə tuturlar. Bununla da əsl erməni xislətini bir daha nümayiş etdirirlər.
AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun Bərdədən çəkdiyi fotoları təqdim edirik.
Qeyd edək ki, sentyabrın 27-si saat səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.