2020-09-18

Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub

Sentyabrın 18-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Aİ Komissarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Aİ ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb, o cümlədən ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli, layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Tərəflər, habelə maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZERTAG

Arxiv üzrə axtarış