Türkiyə hərbi nümayəndə heyətin Azərbaycana səfəri qardaş ölkə KİV-lərində geniş işıqlandırılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul etməsi qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrində (KİV) geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, KİV-lərdə Türkiyənin hərbi nümayəndə heyətinin yüksək qonaqpərvərliklə qarşılanması, Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etməsi, hərbi təlimləri izləməsi ilə bağlı çoxsaylı məlumat, foto və video materiallar yayılıb. Televiziya kanalları səfərlə bağlı geniş reportajlar hazırlayıb.
Anadolu və İHA agentlikləri, “Milliyet”, “Yeni Şafak”, “Sabah”, “Hürriyet”, “Takvim” və digər qəzetlər, NTV, A HABER, TRT AVAZ, TRT HABER, TGRT televiziya kanalları və digər nüfuzlu KİV-lər, eləcə də dövlət qurumlarının internet səhifələrində mövzu ilə bağlı geniş məlumatların yayılması davam edir.