Avropa Parlamentinin son bəyanatı Ermənistana növbəti zərbədir
Dünyada baş alıb gedən ikili standart və bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibəti Ermənistanın işğalçı siyasətini davam etdirməyə şərait yaradır və işğalçı ölkəni daha da azğınlaşdırır. Beynəlxalq hüququn norma və prinsiplərinin təcavüzkar Ermənistan tərəfindən açıq şəkildə pozulmasına laqeyd münasibət, bu vaxta qədər hələ də bu ölkəyə sanksiyaların tətbiq edilməməsi haqlı narazılıqlar yaradır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin yeritdiyi düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar əsl reallığı etiraf etmək məcburiyyətində qalır, Ermənistanın işğalçı siyasətini pisləyir və bu barədə qətnamə də qəbul edirlər.
Yaxın günlərdə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti zərbə oldu. Yəni, Avropa Parlamenti Ermənistanın işğalçı siyasətinə açıq şəkildə etirazını bildirdi və bu barədə bəyanat qəbul etdi. Həmin bəyanatla Avropa Parlamenti bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Bəyanatda magistral yolun çəkilişi üçün Ermənistanın Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almamasının beynəlxalq hüququn pozulması kimi əks etdirilməsi ilə Avropa Parlamenti faktiki olaraq Dağlıq Qarabağın həm coğrafi, həm də siyasi-hüquqi sahibinin Azərbaycanın olduğunu qəbul etdi.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, hazırda Ermənistanda siyasi böhran getdikcə dərinləşir. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra vəziyyət getdikcə pisləşir. Bunun acı nəticələr verəcəyini yaxşı bilən işğalçı ölkənin baş naziri əhalinin fikrini ölkədən yayındırmaq üçün tez-tez işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərlər edir, bu ərazidə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan saxta “prezident seçkiləri”nin keçirilməsində iştirak edir və sərsəm bəyanatlar verir. Artıq Paşinyan yaxşı bilir ki, onun hakimiyyətinin ömrünə çox qalmayıb. Bunu son vaxtlar ölkədə bir-birinin ardınca verilən istefalar da təsdiqləyir. Əgər o, vaxtında Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliyə doğru bir addım atsaydı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etsəydi və qonşu dövlətlərlə münasibətləri normallaşdırsaydı, vəziyyət bu həddə çatmazdı. Ancaq bütün bunları etməyə onun nə siyasi təfəkkürü, nə savadı, nə də qabiliyyəti çatdı. Digər tərəfdən, Ermənistanda terrorçuluq meyillərinə, faşist ideologiyasına hüsn-rəğbətin çox güclü olması, hətta Paşinyanın babasının da nasist olması Ermənistanın işğalçı siyasətindən əl çəkməməsinə, silahlı qüvvələrin sərhədboyu ərazilərdə təxribatlar törətməsinə, günahsız insanları qətlə yetirməsinə rəvac verir. Nikol Paşinyan nasist babasının yolunu açıq şəkildə davam etdirir. Yerli əhalinin ölkəni bürüyən aclıq və səfalətdən, işsizlikdən, orduda baş verən ölüm hallarından diqqətini yayındırmağa cəhd edən baş nazirin Ermənistanın Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişinə cəhd göstərməsi əbəs deyil. Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində 25 ildən artıq işğal altında qalmış minlərlə hektar ərazini azad etməsi, strateji əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirməsi, dörd gün davam edən döyüşlərdə Ermənistan ordusunun darmadağın edilməsi ölkədə ciddi narahatlığa səbəb olub. Ona görə də Paşinyan Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolun çəkilməsi fikrinə düşüb və bununla hərbi manevrə, qanunsuz məskunlaşdırmanı davam etdirməyə, təbii sərvətlərin talanına, istismarına, daşınmasına, narkotik vasitələrin tranzitinin gücləndirilməsinə nail olmağa cəhd etmək istəyir. Nikol Paşinyanın üçüncü magistral yolun çəkilməsi cəhdləri Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətindən əl çəkməməsi, bu yollarla status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaqını davam etdirmək məqsədi daşıyır. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri onun beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə də ziddir.
Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədrinin, həmçinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin imzaladıqları bəyanat işğalçı ölkəyə növbəti zərbə oldu. Yeri gəlmişkən, mən Milli Məclisin deputatı olarkən, Azərbaycan parlamenti tərəfindən Avropa Parlament Əməkdaşlıq Komitəsinin üzvü olmuşam və beynəlxalq tribunalarda Ermənistanın işğalçı siyasəti, törətdiyi terror aktları, sərhədboyu ərazilərdə günahsız Azərbaycan vətəndaşlarının qətlə yetirilmələri barədə dəfələrlə məlumat vermişəm. Ümumiyyətlə, Avropa təsisatları və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətini pisləyən, işğal altında olan ərazilərdən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılması barədə dəfələrlə qətnamələr qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının üzvlərinin qətnamə və bəyanatları işğalçı ölkəyə ünvanlanmış konkret çağırış və tələblərdir. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı çıxarılan qərar, hətta Ermənistan üzərinə maliyyə sanksiyasının qoyulması işğalçı ölkəyə ciddi zərbə oldu.
Avropa Parlamentinin bu il yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyasında böyük səs çoxluğu ilə qəbul edilmiş “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” adlı qətnaməni xatırlatmaq istərdim. Həmin qətnamənin 36-cı bəndində Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib. Bu, qətnamə böyük siyasi məna daşıyır. Çünki həmin sənəddə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir. Sənəddə Şərq Tərəfdaşlığı ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış əksini tapıb. Qətnamədə Aİ-nin 2016-cı ildə qəbul edilmiş Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlığı ölkələrinin 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədinə istinad olunur.
Xatırladaq ki, Avropa İttifaqınin Qlobal Strategiya sənədində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Avropanın təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilib. 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədində də eynilə bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunub.
Faktlar da təsdiqləyir ki, Ermənistanın işğal siyasəti beynəlxalq təşkilatlar tərəfindən ifşa olunur. Dünya ictimaiyyətinin daha qətiyyətli addımlar atmasını təmin etmək məqsədilə Azərbaycan dövləti beynəlxalq tribunalardan kifayət qədər məharətlə istifadə edir. Məhz bunun nəticəsidir ki, indi Ermənistanın işğal siyasətini pisləyən ölkələrin və təşkilatların sayı artmaqda, bu istiqamətdə yeni-yeni sənədlər qəbul edilməkdədir. Elə Ermənistanda ciddi narahatlıq predmetinə çevrilən məqamlardan biri də Azərbaycanın beynəlxalq müstəvidə bir-birinin ardınca diplomatik uğurlar qazanmasıdır. Prezident İlham Əliyev ən mötəbər tədbirlərdə də qəti olaraq bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.