AŞPA-nın yay sessiyasında COVID-19 epidemiyası ilə bağlı qətnamə layihəsi müzakirə ediləcək
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının iyunun 22-dən 26-dək Strasburqda keçirilməsi planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, AŞPA-nın növbəti plenar iclası üçün hazırlıq işləri aparılır. Assambleyanın internet səhifəsində bir neçə komitənin plenar iclasda müzakirə ediləcək sanitar böhranla bağlı məsələlər üzərində işlədiyi bildirilib.
Qeyd edilib ki, 2015-2016-cı illərdə Ebola epidemiyasından sonra beynəlxalq sanitar böhranların qarşısını almaq məqsədilə AŞPA-nın “Beynəlxalq narahatlıq doğuran ictimai sanitar fövqəladə hallarının idarə edilməsi” adlı qətnamə qəbul etməsinə baxmayaraq, COVID-19 pandemiyası dünyanın hələ də belə epidemiyaya hazır olmadığını göstərdi. Dünya maliyyə sisteminin, eləcə də bir çox səhiyyə sistemlərinin imkanları tükənib, ancaq daha təhlükəli vəziyyət hələ qarşıdadır. Epidemiyanın digər nəticələri arasında Avropa demokratiyası, miqrantlara, qaçqınlara, xaricilərə, kasıblara qarşı ayrı-seçkiliyin və bərabərsizliyin daha da dərinləşməsi, eləcə də qadınlara, qocalara və sağlamlığı kövrək olan insanlara xüsusi təsir təhlükəsi də öz əksini tapır.
Buna görə də insanların həyatını xilas etmək və ehtiyacı olanlara tibbi yardım təmin etmək, eləcə də epidemiyanın sosial, iqtisadi, maliyyə və siyasi nəticələrini ədalətli şəkildə idarə etmək məqsədilə üzləşdiyimiz COVID-19 epidemiyasında bütün insanların hüquqlarına səmərəli və layiqli cavab verilməlidir.
Bu məqsədlə fransalı deputat Dö Temmerman tərəfindən sanitar böhranla bağlı “COVID-19 -səmərəli və insan hüquqlarına uyğun cavab” adlı qətnamə layihəsinin irəli sürüldüyü göstərilib.