2018-05-29

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Strasburqda qeyd olunub

Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Avropa Şurasının (AŞ) iqamətgahında Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil edilib. “Azərbaycanın gənc rəssamları Avropa Şurasında” adlı rəsm sərgisinin açılışı ilə başlayan tədbir AŞ-nin ziyafət salonunda rəsmi qəbulla davam etdirilib.

Tədbiri giriş sözü ilə açan Səfir Emin Eyyubov dünyanın hər yerində azərbaycanlıların 28 Mayı Respublika Günü kimi qeyd etdiklərini bildirmiş, AXC-nin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən geniş bəhs edib.

O, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edib. Səfir  AXC-nin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən geniş bəhs edərkən onun ən mühüm nailiyyətlərindən birinin də qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdırıb.

Səfir əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulamış və müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında danışıb. O, qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilmiş və qitələri birləşdirən böyük layihələrə imza atıb.

“Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını xatırladan Səfir bunun bariz nümunəsi kimi bu bayrağın ölkəmiz hələ müstəqilliyini bərpa etməzdən öncə Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında qaldırıldığına diqqəti çəkib. Eyni zamanda,  o, üçrəngli bayrağımızın 2001-ci ilin yanvarın 25-də AŞ-yə üzv olarkən Ümummilli lider tərəfindən təşkilatın mənzil-qərargahının önündə ucaldıldığının əlamətdar bir hadisə olduğunu vurğulayıb.

Azərbaycanın dünyəvi, müasir və demokratik ölkə olduğunu diqqətə çatdıran Səfir ölkəmizin uğurlu multikultural və multietnik cəmiyyət nümunəsi olduğunu, onun Avropa ilə Asiya arasında, habelə Avropa ilə müsəlman dünyası arasında körpü rolu oynadığını bildirib. Bunun nümunəsi olaraq, o, Azərbaycanın təşəbbüskarı olduğu və bu il 10 illiyi qeyd edilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əsasının 2008-ci ildə Bakıda qoyulduğunu bildirib.

O, qeyd edib ki, AXC-nin qurucuları sağ olsaydılar, bugünkü Azərbaycan Respublikası ilə fəxr edərdilər. Səfir onu da vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli idarəçilik, sosial-iqtisadi, insan kapitalının inkişafına yönəlik siyasəti və beynəlxalq münasibətlərdə artan nüfuzu sayəsində müstəqil, suveren və demokratik ölkə olan Azərbaycan AXC-nin elan etdiyi dəyər və idealları reallaşdırmaqdadır. AXC-nin 100 illiyinin qeyd olunduğu tarixi bir məqamda geriyə nəzər saldıqda, əldə olunan nailiyyətlər çox qürurvericidir.

Azərbaycanın müstəqilliyinin əbədi olduğunu bildirən Səfir çıxışını Ulu Öndərin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” kəlamı ilə bitirib.

Sonra çıxış edən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev rəhbərlik etdiyi təşkilatın xətti ilə AŞ-də Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilən belə bir mötəbər tədbirdə iştirak etməsinin və gənc azərbaycanlı rəssamların sərgisinin keçirilməsinin onun üçün  qürurverici bir hiss olduğunu bildirib. Rəhbərlik etdiyi təşkilat haqqında və onun həyata keçirdiyi layihələrlə bağlı  məlumat verən İ. Baxşəliyev 2010-cu ildən “Dirçəliş” mərkəzinin Azərbaycan mədəniyyətinin təbliği istiqamətində layihələrə start verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, indiyə kimi mərkəz tərəfindən Avropanın müxtəlif şəhərlərində 15 sərginin təşkil edildiyini, bu  sərgilərdə 250-dən çox rəssam şəxsən iştirak etdiyini və 1200-ə qədər eksponat nümayiş olunduğunu qeyd etmiş və 16-cı sərginin Strasburqda, ölkəmiz üçün çox əlamətdar bir gündə keçirildiyini vurğulayıb.

Tədbir çərçivəsində AŞ-nin ziyafət salonunda yerləşdirilmiş ekranda Bakı Media Mərkəzi tərəfindən hazırlanmış və AXC-yə həsr olunmuş  sənədli film təqdim edilmiş, ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən, xüsusilə Bakının “EXPO 2025” Ümumdünya Sərgisinə namizədliyinin təşviqindən bəhs edən videoçarxlar nümayiş olunub.

Bundan əlavə, tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair nəşrləri hədiyyə edilib. Nəşrlər arasında həmçinin “İRS” jurnalının və Fransa Milli Assambleyasının “Le Journal du Parlement” (“Parlament jurnalı”) jurnalının AXC-nin 100 illiyinə həsr edilmiş xüsusi nömrələri, eləcə də Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filminin video diskləri də təqdim olunub.

Tədbirdə AŞ-nin Baş katibi Torbyorn Yaqland və müavini xanım Qabriella Battaini Draqoni, qurumun yüksək vəzifəli şəxsləri, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimləri, təşkilat yanında və Strasburqda akkreditasiya olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, Strasburqda təhsil alan azərbaycanlı və xarici tələbələr, eləcə də diaspor təşkilatlarının təmsilçiləri iştirak edib.


Arxiv üzrə axtarış