2018-01-25

Milli Məclisin deputatı: Silahlı münaqişələr zamanı uşaqların müdafiəsi təmin olunmalıdır

AŞPA-nın qış sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü, Assambleyanın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, S.Fətəliyeva Avropa Şurasının perimetrində yerləşən Dağlıq Qarabağ regionunda, Suriya, Ukrayna kimi ölkələrdə müxtəlif silahlı münaqişələrin narahatlıq doğurduğunu bildirib. O, bu bölgələrdə hər hansı bir münaqişədə olduğu kimi, uşaqların münaqişənin nəticələrinin qurbanı olduğunu vurğulayaraq, onların müdafiəsinin vacibliyinə toxunub. Bildirib ki, bu bölgələrdə əhalinin böyük əksəriyyəti deportasiyaya məruz qalıb. “Dağlıq Qarabağda gərginlik davam edir və təmas xətti boyunca dəfələrlə zorakılıq aktları nəticəsində uşaqlar, mülki şəxslər həyatlarını itiriblər. Bu regionda son hadisələrdən sonra həmməruzəçilər hər iki ölkəni münaqişəni sülh yolu ilə həll etməyə çağırıblar. Assambleya dəfələrlə münaqişələrlə bağlı qətnamələr qəbul edərək, tərəfləri Avropa Şurasının üzv dövlətləri kimi öhdəliklərinə riayət etməyə səsləsə də, təəssüf olsun ki, sülh hələ də bərqərar olmayıb”-deyə deputat diqqətə çatdırıb.

O, silahlı münaqişələrdə uşaqların zorakılığa və ölümə məruz qalan həssas qrup olduğunu, silahlı münaqişələrdə iştirak etməyə məcbur edildiyini qeyd edib. Zorakılıqlar uşaqları valideynlərindən ayrı salır, ciddi psixoloji zərbə vurur və sonradan onların zorakı davranış almasına səbəb olur.

Silahlı münaqişələr bəzən Avropa sərhədlərindən uzaqlarda görünsə də, dondurulmuş, həllini gözləyən və ya postmünaqişə vəziyyətlər baxımından Avropa narahat olmalıdır.

Deputat qeyd edib ki, Parlament Assambleyası uşaqlarla bağlı silahlı münaqişələrin nəticələrindən, eləcə də bu sahədə beynəlxalq öhdəliklərə riayət edilməməsindən narahatlığını bildirməlidir. “Assambleya üzv dövlətləri davam edən silahlı münaqişələrə son qoymağa töhfə verməyə çağırmalı, silahlı münaqişələrin qurbanı olan, zorakılığa məruz qalan uşaqları müdafiə etməli və dəstəkləməlidir. Üzv dövlətlər münaqişədə olan, eləcə də qaçqınları qəbul edən ölkələrdə uşaqlar və ailələr üçün müvafiq sosial və iqtisadi şəraitin yaradılmasına, beynəlxalq təşkilatlar və ya qeyri-hökumət təşkilatlarının yerlərdə fəaliyyətini asanlaşdırmağa yardım etməlidirlər”, - deyə S.Fətəliyeva bildirib.

AZƏRTAC

Arxiv üzrə axtarış