Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə məqsədyönlü islahatlar aparılır, bu sahədə mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Dünya Bankı ilə sıx əməkdaşlıq şəraitində birgə uğurlu layihələr həyata keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, insan haqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarına beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərilərək, əldə olunan nailiyyətlər müsbət dəyərləndirilir və digər dövlətlərə örnək kimi tövsiyə edilir. Elə bu yaxınlarda Avropa Şurasının müraciəti əsasında Azərbaycan nümayəndə heyəti Moldovaya səfər edərək həmkarlarına məhkəmə infrastrukturunun yaradılması sahəsində müsbət təcrübəsini aşılayıb. Hazırda isə ölkəmizdə səfərdə olan Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycan məhkəmə sistemindəki yenilikləri, o cümlədən elektron məhkəmənin tətbiqi təcrübəsini öyrənir.
Bu sahədə islahatlara dəstək göstərən nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihələri ən uğurlu layihələrdən biri kimi qiymətləndirib və “Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasının qalibi elan edib.
Eyni zamanda, Avropa Şurasının mühüm təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ölkəmizin bu sahədə nailiyyətlərini və uzun müddət səmərəli əməkdaşlığımızı nəzərə alaraq plenar iclaslarından birini Strasburqdan kənarda, Bakıda keçirib, Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığına, obyektivliyinə və saflığına görə fərqləndirərək digər dövlətlər üçün örnək kimi dəyərləndirib. Həmçinin özünün bütün üzv dövlətlərdə yayılan dövrü nəşrində Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına böyük önəm verərək buna ayrıca bölmə həsr edib. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Bu günlərdə isə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub.
2005-ci ildən etibarən iki ildən bir keçirilən bu müsabiqədə ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti ilə bağlı Avropa Şurasının üzv dövlətləri tərəfindən təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə seçilərək mükafatlandırılır.
2017-ci ildə keçirilmiş müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb. Digər qalib gələn üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim edilib.
Avropa məkanında qeyd olunan 25 oktyabr – Avropa Ədliyyə Günü ərəfəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq şəhərində tarixi Parlament Evində “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin cari ildə qalib elan olunmuş dövlətlərin mükafatlandırma mərasimi keçirilib.
Avropa Şurasının və Şotlandiyanın məhkəmə sisteminin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib.
Mərasimdən əvvəl təşkil olunmuş “dəyirmi masa”da dünyada ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatların prioritetləri barədə ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.
Ölkəmizin layihəsinin təqdimatı zamanı son illər dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və digər yeniliklər barədə məlumat verilib, ölkəmizin təqdim etdiyi layihənin əhəmiyyətindən danışılıb. Bildirilib ki, layihənin əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasını əhatə edir. Elmi cəhətdən əsaslandırılmış bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ elektron analitik hesabatların hazırlanmasına imkan yaradır.
Tədbirdə məhkəmə sisteminin elektron idarə olunması sahəsində Azərbaycanın təcrübəsi Avropada ən mütərəqqi layihə kimi qiymətləndirilib və müvafiq mükafat təntənəli surətdə Azərbaycan tərəfinə təqdim olunub.
Bu yüksək mükafat Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə son illər həyata keçirilən çoxşaxəli islahatlara verilən növbəti qiymətdir.