2017-10-09

Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı təxribatları barədə danışılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) işə başlamış növbəti sessiyasında əvvəlcə Nazirlər Komitəsinin yay sessiyasından ötən müddət ərzində gördüyü işlər barədə hesabat məruzəsi dinlənilib. Sonra Assambleya üzvlərinin müxtəlif sualları cavablandırılıb.

Parlament Assambleyasında Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsi barədə danışan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralekə belə bir sualla müraciət edib: “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti uzun illərdir ki, tam səmərəsizdir. Bu məsələnin diplomatik vasitələrlə həlli hər 2 üzv ölkənin Avropa Şurası qarşısında əsas öhdəliklərindən olduğundan təşkilatımızın yaxasını kənara çəkməyə ixtiyarı yoxdur, xüsusən, indiki çox narahat mərhələdə. Bir sıra xarici güclərə arxalanan Ermənistan son dövrlərdə intensiv olaraq atəşkəs rejimini pozur, açıq şəkildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Mingəçevir Su Elektrik Stansiyasını və Azərbaycanın digər mühüm strateji obyektlərini partladacağı ilə hədələyir. Cənubi Qafqazda, kənar qüvvələrin də müxtəlif məqsədlərlə regiona müdaxiləsini mümkünləşdirəcək real genişmiqyaslı müharibə təhlükəsi yaranmışdır. Nazirlər Komitəsi ümumi sözlərlə deyil, konkret təşəbbüslərlə işğalçı Ermənistanın əslində bütün Avropa üçün ciddi təhlükələr vəd edən bu aqressiv hərəkətlərinin qarşısının alınması üçün nə kimi təcili tədbirlər görə bilər?”

Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, bu sessiyada artıq Nazirlər Komitəsinə rəhbərlik müddətləri başa çatan Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek bu sualın cavabında bildirib ki, problemin həlli istiqamətində vasitəçilik missiyasının həyata keçirilməsində əsas qurum ATƏT-in Minsk qrupudur və həmsədrlər danışıqların real nəticələrə aparması istiqamətində səylərini davam etdirirlər. Avropa Şurası, öz növbəsində, sülh danışıqlarının daha intensiv və müsbət nəticəli olması üçün daha demokratik mühitin formalaşmasına səlahiyyətləri çərçivəsində kömək göstərməyə hazırdır. Əsas niyyət məhz diplomatik vasitələrlə sülhün əldə edilməsi olduğundan bu gedişatda hər hansı tərəfin arzuolunmaz addımları prosesə yalnız mənfi təsir göstərə bilər. Biz Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşlərində problemin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olunacağına ümid bəsləyirik.

 

AZƏRTAC

Arxiv üzrə axtarış