28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib Prezident İlham Əliyev rəsmi qəbulda iştirak edib
Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildi.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.
- Hörmətli xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar, qələbələr arzulayıram.
Doxsan doqquz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi.
Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək üçün bu yaxınlarda mənim tərəfimdən Sərəncam imzalanmışdır.
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Ondan sonra 70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik, Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuşdur. Ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yaranmışdı. Əslində, müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan öz müstəqil siyasətini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaqlarımızın işğal altına düşməsi, ovaxtkı hakimiyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uçurum kənarına qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi.
Azərbaycan xalqı müdriklik göstərərək böyük lideri – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildən sonra Azərbaycanda inkişaf dövrü başlamışdır və bu gün bu dövr davam edir. Bütün xoşagəlməz hallara, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ölkəyə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycan beynəlxalq təcriddən, informasiya blokadasından çıxa bildi. Bir sözlə, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi.
Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir. Cəmi 23 il ərzində – 1993-cü ildən başlayaraq, görün, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan nə qədər güclənib, görün, Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub. İqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə Azərbaycan böyük uğurlara imza atıb və bu gün bütün dünya bunu bilir və qəbul edir. Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir.
Bu gün qarşıda duran vəzifələr haqqında danışmaq istərdim. Biz gələcək illərdə də müsbət dinamikanı saxlamalıyıq və əminəm ki, saxlayacağıq. Daxili siyasətə gəldikdə, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir. Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır. Eyni zamanda, Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq.
Biz, ilk növbədə, öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq, ilk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir. Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır.
Bununla bərabər, Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır.
Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkələr üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda, Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər. Bunun sirri çox sadədir. Sadəcə olaraq, düzgün siyasət aparılmalıdır, inkişaf olmalıdır, savadlılıq artmalıdır, milli və dini siyasət düzgün aparılmalıdır. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər. Bu gün bu vəziyyət reallıqdır. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir. Ona görə, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır.
Bununla bərabər, biz öz milli-mənəvi dəyərlərimizə sadiqik. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli”, bu il “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu, bir daha göstərir ki, öz köklərinə bağlı olan xalq və dövlət həmişə düzgün siyasət aparacaq. Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq.
Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, bundan sonra da Azərbaycanda sabitlik davam etdiriləcək. Bu gün artıq reallıqdır ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz, sabit olmayan ölkələrə heç kim sərmayə qoymaz, heç kim turist kimi gəlməz, belə ölkələrlə heç kim gözəl münasibətlər qurmağa çalışmaz. Ona görə, sabitlik hər bir ölkənin əsas amilidir, inkişafın əsas amilidir. Ancaq sabitliyi inzibati yollarla əldə etmək mümkün deyil. Bu, müvəqqəti olacaq. İndi bir neçə ölkədə xüsusi təhlükəsizlik tədbirləri görülür, xüsusi rejim tətbiq olunur. Bu, inzibati yollardır. Amma sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz bax, bu sabitliyi yaratmışıq və Azərbaycanda hökm sürən sabitliyin təməlində bu amillər dayanır - xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb.
Daxili siyasət məsələlərinə gəldikdə, əlbəttə ki, biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın. Azərbaycanda bir çox sosial təşəbbüslər irəli sürülmüşdür, sosial infrastruktur layihələri geniş vüsət alıb. Eyni zamanda, Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir. Mən bunların arasında kütləvi müayinədənkeçmə proqramını xüsusi qeyd etmək istərdim. Bir neçə ildir ki, bu proqram icra edilir. Bu proqramı icra etmək üçün, ilk növbədə, səhiyyə sahəsində islahatlar aparılmalı və müasir infrastruktur yaradılmalı idi. Artıq 600-dən çox xəstəxananın tikintisi, təmiri bizə belə imkanları yaradır. Kütləvi müayinədənkeçmə proqramını əhatə edən bütün qurumlar bu nəticəni əldə ediblər - bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçibdir. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bizim siyasətimiz 3 mindən artıq məktəbin tikilməsində, maaşların, pensiyaların artırılmasında özünü göstərir. Azərbaycan büdcəsində sosial xərclər əlbəttə ki, prioritet olaraq qalacaq və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılmalıdır.
Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük.
Bu gün bizim beynəlxalq təşkilatlarla da çox yaxşı münasibətlərimiz var və biz bu təşkilatlarda fəal rol oynayırıq. Mən onların içərisində, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istərdim. Azərbaycan bu təşkilatın fəal üzvüdür. Bu təşkilat erməni təcavüzü ilə bağlı keçən il Kontakt Qrupu yaratmışdır. Erməni təcavüzü, ötən ilin aprel ayında onların törətdikləri təxribat hadisələri İslam Əməkdaşıq Təşkilatı tərəfindən pislənildi. Azərbaycan dövlətinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinə daim dəstək göstərilir.
Eyni zamanda, Azərbaycan bu təşkilat çərçivəsində ikitərəfli əlaqələri də genişləndirir. Mən bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak etmişdir. Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirmişdir və təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika Prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika Prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir.
Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək. Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq.
Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq.
Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıbdır. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir. Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd–şərtsiz çıxarılmalıdır.
Beynəlxalq təşkilatların qərar və qətnamələri bizi qane edir. Bu, münaqişənin həlli üçün hüquqi əsasdır. Eyni zamanda, son müddət ərzində səslənən bəyanatlar və atılan addımlar da yüksək qiymətləndirilməlidir. Xüsusilə həm Minsk qrupuna həmsədrlik edən ölkələr, həm Avropa İttifaqı, digər qurumlar artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Düzdür, hələ ki, bu bəyanatlardan sonra heç bir addım atılmır. Gözləyirik ki, bu addım da atılacaq və işğalçıya təzyiq göstəriləcək. Onlara qarşı sanksiya tətbiq olunacaq və mütləq olmalıdır. Əgər Ermənistana bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaqdır. Buna baxmayaraq, belə bəyanatların özü də hesab edirəm ki, müsbət addımdır.
Eyni zamanda, Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum”a çox sərt reaksiya verildi, həm qonşu ölkələr tərəfindən, həm Minsk qrupundan, həm Avropa İttifaqından və digər ölkələrdən. Heç kim bu qondarma yığıncağı, bu biabırçılığı qəbul etmədi, əksinə bunu pislədi. Bir daha sübut etdilər və göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, ölkəmizin ayrılmaz hissəsidir. Biz isə öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik.
Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır. Eyni zamanda, biz Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək.
Ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir. Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir.
Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq.
Əlbəttə, bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Baxmayaraq ki, beynəlxalq maliyyə böhranı bizə də təsir etdi. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi təbii ki, gəlirlərimizə mənfi təsir etdi. Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artmışdır.
Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər.
Əlbəttə, bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıbdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Mən sözlərimi əsaslandırmaq üçün bəzi rəqəmləri də səsləndirə bilərəm. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93 faizə çatıbdır. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85 faizdir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri – TANAP-dır. Burada işlərin 72 faizinin görülməsi təmin edilibdir. Dördüncü layihə Trans-Adriatik kəməri – TAP-dır. Orada isə icra səviyyəsi 42 faizdir. Onu da qeyd etmək istəyirəm ki, plana görə TAP-ın icra səviyyəsi bu günə 45 faiz olmalı idi. Yəni ki, o səviyyəyə yaxındır. Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Çünki Azərbaycan ictimaiyyəti bilir ki, TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir, qruplar təşkil olunur, ekoloji məsələlər bəhanə kimi ortalığa atılır. Bizdə olan məlumata görə, bunun arxasında böyük pullar dayanır. Yəni, o qruplar süni şəkildə, heç bir əsası olmadan təşkil edilir. Amma aydındır nə üçün, bu layihəni dayandırmaq, yaxud da ki, ləngitmək üçün. Bütün bunlara baxmayaraq, TAP layihəsinin icrası plandan cəmi 3 faiz geridədir. Ona görə, əminəm ki, bu layihənin icrasında da heç bir problem olmayacaq.
Bilirsiniz ki, bu gün biz böyük nəqliyyat layihələri üzərində işləyirik. Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələri ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifələr tam icra edilib. İndi əlbəttə ki, tərəfdaş ölkələrdə bu işlərin sürətləndirilməsi prosesi gedir. Biz də gələcəkdə bu işlərdə iştirak edə bilərik. Belə olan halda indi əsas böyük nəqliyyat layihələri arasında prioritet Ələt Beynəlxalq Dəniz Limanının tikintisinin başa çatdırılmasıdır və bunun üçün lazımi vəsait ayrılıb. Əminəm ki, bundan sonra bir il ərzində, yəni, hesab edirəm, gələn ilin yayına qədər Bakı Ələt Beynəlxalq Dəniz Limanı istifadəyə veriləcək. Bu, Xəzər dənizində ən böyük liman olacaq və bizim nəqliyyat imkanlarımızı böyük dərəcədə artıracaq.
Əlbəttə ki, qarşıda duran vəzifələr qeyd etdiyim vəzifələrdən daha da çoxşaxəlidir və çoxdur. Sadəcə olaraq, mən əsas istiqamətlər üzrə gələcək fəaliyyətimizi xalqa təqdim etdim. Əminəm ki, biz bütün istiqamətlər üzrə bundan sonra da sürətlə inkişaf edəcəyik. Bizim uğurlarımızın təməlində, əlbəttə, düşünülmüş siyasət dayanır və o amil dayanır ki, bu gün Azərbaycan xalqı müstəqillik şəraitində yaşayır. Müstəqilliyin dəyərləri, o cümlədən real həyatda özünü göstərir. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq. Sağ olun.
X X X
Rəsmi qəbul konsert proqramı ilə davam etdi.