Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
AZƏRTAC xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
X X X
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmağı qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
Doxsan doqquz il əvvəl mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən – “Əqdnamə”dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Xalqımız Cümhuriyyətin yarandığı bu şərəfli tarixi 28 May Respublika Günü kimi qeyd edir.
Gələn il xalqımız Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyini qeyd edəcək. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında mayın 16-da Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd ediləcək.