Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib
Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi.
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiklərinə görə qonaqlarımıza təşəkkürümü bildirmək istəyirəm. Altı il bundan əvvəl biz bu təşəbbüsü irəli sürdük və birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilmişdir. O vaxtdan bəri beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu Forum qlobal beynəlxalq tədbirə çevrilmişdir. Hər bir beynəlxalq tədbirin, hər bir forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların sayı ilə ölçülür. Biz çox şadıq ki, 120 ölkədən olan 800-dən artıq qonaq bugünkü Forumda iştirak edir, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini Bakıya göndərmişdir.
Bu, ilk növbədə, Forumun bu gün və sabah aparacağımız müzakirələrin əhəmiyyətini nümayiş etdirir. Biz fəxr edirik ki, Forumun tərəfdaşlarının, həm də təşkilatçı qurumların sayı artmaqdadır. Azərbaycan hökuməti bu Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə təşkil etmişdir.
Əminəm ki, Forum çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsi mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcəkdir. Azərbaycan əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan olmuşdur. Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır.
Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.
Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar. Bizim tarixi abidələrimiz də Azərbaycanın mədəni müxtəlifliyini və onun qədim tarixini aydın şəkildə nümayiş etdirir. Fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə inşa olunan Cümə məscidi Azərbaycanın qədim şəhərlərindən biri sayılan Şamaxıda yerləşir. Dünyanın ən qədim kilsələrindən olan, Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə Azərbaycanın digər qədim şəhəri Şəkidə yerləşir.
Bakının yaxınlığında yerləşən və atəşpərəstlik dininə məxsus olan Atəşgah Məbədi də bizim tarixi və dini müxtəlifliyimizi nümayiş etdirir. Bu gün Azərbaycanda məscid, kilsə və sinaqoqlar dövlət tərəfindən qorunur. Onların bir çoxunun dövlətin maliyyə dəstəyi ilə inşa olunması bizim tariximizi və bu sahədə olan siyasətimizi nümayiş etdirir.
Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.
Əslində, 2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyası tariximiz, reallığımız və həmçinin belə məsələlərin müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı. Bu gün buna əvvəlkindən daha çox ehtiyac var. Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir və 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdi. Bu il isə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycanda gündəlik həyatın bu hər iki çox vacib elementinin birləşməsi, ilk növbədə, cəmiyyətimizin vəziyyətini, dövlət siyasətimizi nümayiş etdirir, eyni zamanda, regionda daha da yaxşı anlaşmaya səbəb olur.
Biz məhz bu məsələlərin müzakirəsinə həsr olunmuş bir neçə beynəlxalq tədbir təşkil etmişik. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edib. Bir neçə il bundan əvvəl Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil etmişik. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi etdi. Nəhayət, biz 4-cü dəfədir ki, toplaşaraq mədəniyyətlərarası dialoq məsələsini müzakirə edirik.
Bütün bunlar bizə gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında daha yaxşı anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım edir. Hesab edirəm ki, Azərbaycanın tarixi və bugünkü inkişafı uğur qazanmağın mümkünlüyünün yaxşı nümunəsidir.
Multikulturalizmə münasibət fərqlidir. Biz bəzən müəyyən ictimai və siyasi xadimdən, habelə dövlət rəhbərlərindən skeptik fikirlər eşidirik. Hesab edirəm ki, biz səylərimizi birləşdirsək, - bu gün burada beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətini təmsil edən nümayəndələr iştirak edirlər, - nümayiş və sübut edə bilərik ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda, dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.
Düşünürəm ki, sizin bu Forumda iştirakınız və müzakirələrin mövzuları bizim vahid iradəmizi və bu dəyərlərin təşviqi ilə bağlı siyasət və yanaşmamızı əyani şəkildə nümayiş etdirir.
Azərbaycan 2008-ci ildə çox vacib prosesin təşəbbüskarı olmuşdur və o, sonradan “Bakı prosesi” adlandırılmışdır. Bu gün həmin təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüs də artıq çıxışımda qeyd etdiyim amillərdən qaynaqlanırdı. Bununla yanaşı, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan məhdud sayda dövlətlərdən biridir.
Avropa Şurası ölkələrinin nazirlərinin 2008-ci ildə toplantısını təşkil edərkən biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də dəvət etdik. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edildi və 100-dən artıq dövlətin nümayəndəsi mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə etmək üçün bir araya gəldi.
İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. O vaxt biz Avropa Şurasına üzv dövlətlərin nazirlərini Bakıya dəvət etdik. Bu təşəbbüs və bu format sonradan “Bakı prosesi” adlandırıldı və biz bununla fərəhlənirik. Birincisi, ona görə ki, bu, bizim təşəbbüsümüz idi. İkincisi isə ona görə ki, Bakı və Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir.
Gələn il biz “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir.
Azərbaycan tərəfindən irəli sürülmüş daha bir mühüm təşəbbüs Bakıda Avropa Oyunlarının keçirilməsi idi. Digər qitə oyunlarından fərqli olaraq, Avropada belə oyunlar heç vaxt təşkil edilməmişdi. Avropa Olimpiya Komitəsi belə bir oyunların keçirilməsi qərarını qəbul edəndə onlara ev sahibliyi etmək arzusunda olan ölkələrin sayı az idi. Səmimi desək, Azərbaycan Oyunların təşkilini öz üzərinə götürməyi təklif edən yeganə dövlət idi. Belə olmasaydı, həmin Oyunlar heç vaxt təşkil edilməyəcəkdi.
2015-ci il ilk Avropa Oyunlarının keçirilməsi ili oldu. Oyunlar Bakıda 5 mindən artıq avropalı idmançının iştirakı ilə baş tutdu. Təbii ki, bu Oyunlar bir idman tədbiri idi, lakin hesab edirəm ki, onların rəmzi mənası da var idi. Çünki ilk dəfə təşkil olunan Avropa Oyunları bir müsəlman ölkəsində keçirilirdi. Bu, multikulturalizmin və dini dözümlülüyün göstəricisi idi. Oyunlar yüksək səviyyədə təşkil edildi. İdmançılar, qonaqlar olduqca məmnun və xoşbəxt idilər - istər təşkilatçılıq səviyyəsi, istərsə də Azərbaycan xalqı tərəfindən qarşılanma baxımından. Xalqımız avropalı qonaqlara özünün ənənəvi qonaqpərvərliyini nümayiş etdirdi.
Bir həftədən sonra biz bütün müsəlman ölkələrini təmsil edən 3 min idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının açılışını edəcəyik. Yəni, iki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir. Əminəm ki, burada güclü rəqabət olacaqdır. Ancaq bir daha da qeyd etmək istəyirəm ki, bu, sadəcə idman tədbiri deyil. Bu, insanları birləşdirən hadisədir. Bizim İslam aləmində, ilk növbədə, birliyə ehtiyacımız var.
Təəssüf ki, terrorçuluqdan ən çox əziyyət çəkən məhz elə müsəlman dövlətləridir. Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var. Eyni zamanda, gərginliyin azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var.
Beləliklə, mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə – siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar. Proqnozlaşdırılan tərəfdaşlığa və qarşılıqlı etimada söykənən münasibətlər olmadığı halda istənilən dövlət üçün qarşıya qoyulan məqsədlərə çatmaq çox çətin olar.
Bu təşəbbüslər və Azərbaycanın uğur hekayəsi, onun multikulturalizmin mərkəzinə çevrilməsi, - yeri gəlmişkən, biz Azərbaycanda Multikulturalizm Mərkəzi yaratmışıq, – onu nümayiş etdirir ki, biz həm doğru yol ilə, həm də uğurla irəli gedirik. Bütün dünyanı əhatə edən bu Forum da bizim niyyətimizin bariz nümunəsidir.
Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Böyük tarix, ənənə və mədəniyyətə malik olmağımıza baxmayaraq, müstəqil dövlət olaraq bizim 25 yaşımız var. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər onu nümayiş etdirdi ki, ölkənin taleyi öz əlimizdə olanda böyük uğur əldə etmək olar. Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb.
Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir.
Üzləşdiyimiz ən böyük problem erməni işğalıdır. Təəssüf ki, müstəqilliyimizin bərpası erməni işğalı ilə müşayiət edilirdi və bunun nəticəsi olaraq, ərazimizin 20 faizi - Dağlıq Qarabağ və digər yeddi rayonumuz Ermənistan tərəfindən işğal edildi. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi. Bu gün işğal olunmuş ərazilərimizdə bütün tarixi abidələr və tikililərimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz yerlə-yeksan edilib.
Bakıda, şəhərin mərkəzində erməni kilsəsi yerləşir və biz onu təmir etmişik. Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi məhv edib. Bu fotoşəkilləri internetdə tapmaq mümkündür. Bununla yanaşı, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların hesabatlarında da ərazilərin viran olunması öz əksini tapıb. BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir ki, orada Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmin qətnamələrə 20 ildən artıqdır ki, əməl olunmur. Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və beynəlxalq hüququ kobudcasına pozur. Ancaq təcavüzkarı qətnamələrə əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə çox mühüm və xalqımızı dərindən narahat edən məsələdir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra olunur. Bizə gəldikdə isə 20 ildən artıq bir müddət keçir. Bu, ilk növbədə, ikili standartların və müəyyən mənada qərarların icra mexanizminin səmərəsizliyinin bariz nümunəsidir.
Münaqişənin həlli beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə, Helsinki Yekun Aktına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır.
Bu faciəyə və onun çox böyük iqtisadi yükünə baxmayaraq, - nəzərə alsaq ki, 1990-cı illərin əvvəlində ölkəmiz çox yoxsul olduğu halda bizim 1 milyondan artıq qaçqınımız var idi, yəni, bu, bizim üçün çox ciddi iqtisadi və sosial problem idi, - biz onun öhdəsindən gələ bildik. Səylərimizi səfərbər edərək güclü ölkə yarada bildik. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Azərbaycan beynəlxalq birliyin hörmətli üzvüdür. Bunu sübut etmək üçün bir sıra faktlar sadalaya bilərəm. Ancaq düşünürəm ki, yalnız biri kifayət edər.
Bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Dünya dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi nümayiş etdirir ki, Azərbaycan böyük nüfuza malikdir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Eyni zamanda, Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və ya qəbul edilib.
Bu, bizim regionda oynadığımız roldur. Biz coğrafi yerləşməyimizi mühüm infrastruktur imkanlarına çevirməyə müvəffəq olmuşuq. Bizim təşəbbüskarı olduğumuz layihələr bu gün Asiyanı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirir və artıq mənfəət gətirir, eyni zamanda, ölkələr arasında çox vacib əlaqə yaradır.
Bununla bərabər, Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır. Onlardan biri hazırda icra olunan və Avropanın ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsidir. Layihəyə yatırılan sərmayə 40 milyard dollara bərabərdir və o, ilk mərhələdə 7 ölkəni birləşdirərək, regionumuzun, Mərkəzi və Cənubi Avropanın bir çox ölkəsinin enerji şaxələndirilməsini və enerji təhlükəsizliyini təmin edəcək. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və enerji əməkdaşlığı layihəsidir. Çünki bizim bütün enerji və nəqliyyat layihələrində iştirak edən ölkələr təbii tərəfdaşlara çevrilir və burada birgə qarşılıqlı bağlılıq yaranır. Qarşılıqlı bağlılıq isə iqtisadi əməkdaşlıq və qarşılıqlı hörmət üçün ən vacib amillərdəndir.
Beləliklə, Azərbaycan tərəfindən irəli sürülmüş nəqliyyat və enerji layihələri inkişaf və firavanlığın təmin edilməsi məqsədinə xidmət edir. Eyni zamanda, bu, bizim beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqa olan sərmayəmizdir.
Bizim iqtisadi göstəricilərimiz də çox yüksək olmuşdur. Son 13 il ərzində ümumi daxili məhsulumuz 3 dəfədən çox artıb. Biz işsizliyin səviyyəsini 5 faizə endirə bilmişik, yoxsulluq 6 faizdən azdır. Xarici borcumuz olduqca aşağı səviyyədədir və ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə xarici borcumuzdan 5 dəfə artıqdır. Yəni, iqtisadi göstəricilərimiz həqiqətən də yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Həmin təşkilatın qiymətləndirməsinə əsasən, inkişafda olan ölkələrin inkişaf templərinə görə Azərbaycan siyahıda digər bir ölkə ilə birinci və ikinci yerləri paylaşır.
Bütün bunlar müstəqillik illərində əldə etdiyimiz böyük bir sərvətdir. Biz təhsilə böyük sərmayə qoyuruq. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb istifadəyə verilib. Bildiyimiz kimi, təhsilə qoyulan sərmayə gələcəyə yatırılan sərmayədir. Eyni zamanda, bu, sabitliyə qoyulan sərmayədir. Çünki radikalizmin, ekstremizmin və fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc nəslin “beyini yuyulur” və gənclər dəhşətli terror aktlarının törədilməsinə sövq edilir. Savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir. Buna görə radikalizmi aradan qaldırmaq üçün biz onun fundamental səbəblərini müzakirə etməliyik. Eyni zamanda, mədəniyyətlərarası münasibətlərin dəyərlərini təbliğ etməliyik ki, insanlar sülh şəraitində birgəyaşayışın üstünlüyünü aydın görsünlər.
Burada da biz çox vacib olan məsuliyyət məsələsinə toxunuruq. Siyasətçilərin məsuliyyətini qeyd edirəm. Bəzən radikal kəsimin səslərini əldə etmək üçün siyasətçilər öz proqramlarını milliyyətçilik ideyası üzərində qururlar. Qeyri-hökumət təşkilatlarının məsuliyyəti. Onların bəziləri məqsədyönlü şəkildə dini və etnik zəmində gərginlik yaradır. Nəhayət, medianın məsuliyyəti. Beynəlxalq mediaya nəzər salsaq, əsasən miqrant böhranı, müharibə, dağıntı, toqquşma, dini və etnik münaqişə görürük.
Ancaq bir çox müsbət nümunələr də var və biz onları nümayiş etdirməliyik. Hesab edirəm ki, bu Forumun əhəmiyyəti və məqsədlərindən biri də onu nümayiş etdirməkdir ki, biz bu məsələləri müzakirə edir və səylərimizi səfərbərliyə alırıq. Əminəm ki, Forumun bütün iştirakçılarının burada eyni gündəliyi var – mədəniyyətlərarası dialoqun dəyərlərini təşviq etmək və gücləndirmək.
Ümidvaram ki, Forumun nəticələri uğurlu olacaq və biz onun bütün qərarlarını həyata keçirəcəyik. Bizimlə bir yerdə olduğunuza görə bir daha sizə təşəkkür edir, Forumun işinə uğurlar diləyirəm. Sağ olun.
X X X
UNESCO-nun baş direktoru xanım İrina Bokova çıxış edərək dedi:
- Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita.
Bolqarıstanın vitse-prezidenti xanım İliana İotova.
Hörmətli nazirlər, dini rəhbərlər, səfirlər, xanımlar və cənablar.
Belə bir mötəbər tədbirdə - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluğumu bildirirəm. Zati-aliləri cənab Prezident, mən çıxışımda bizim əvvəlki silsilə tədbirlərimizin uğurlu olduğunu vurğulamaq istəyirəm. Mən mədəniyyətlərarası dialoqa verdiyi töhfəyə, belə bir mötəbər tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə cənab Prezident İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm. UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya da dərin təşəkkürümü bildirmək istəyirəm.
Xanımlar və cənablar, mən tam əminliklə bildirirəm ki, böyük İpək yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir. Bildiyiniz kimi, Bakı UNESCO-nun mədəni irs siyahısında olan bir şəhərdir. Azərbaycanın maddi-mədəniyyət abidələri, xalçaları, Novruz bayramı UNESCO-nun irs siyahısında yer alıb. Məhz belə bir ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsindəki təcrübəsinə ehtiyacımız var.
Biz bu gün bir sıra ölkələrdə münaqişələrin baş verdiyinin şahidiyik. Biz ekstremizmin, eləcə də bir sıra dini məbədlərin, kilsələrin, məscidlərin məhv olduğunu görürük və təəssüf ki, mədəni müxtəlifliyin də məhv olduğunu görürük. Uşaqların, eyni zamanda, tədrisdən uzaq qaldığını görürük. Fikir, ifadə azadlığının təhlükə altında olduğunu, jurnalistlərə hücumların sayının artdığını, etnik azlıqların təqib olunduğunu görürük. Eləcə də bəzi ölkələrdə antisemitizm, islamofobiya kimi dini ayrı-seçkiliyin, qeyri-tolerantlığın artdığını görürük. Bu baxımdan cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, multikulturalizmin alternativi yoxdur. Biz multikulturalizm yolu ilə getməliyik, mədəniyyətlər və dinlər arasında harmoniyaya nail olmalıyıq.
Xanımlar və cənablar, bu gün gördüyümüz tədbirlər kifayət etmir. Bizim yumşaq qüvvə gücümüz də mədəniyyət, ünsiyyət, kommunikasiya, elm məhz paylaşdığımız dəyərləri daha da gücləndirməli və birgə taleyimizi həll etməlidir. Bütün mədəniyyətlər bir-birindən fərdidir, amma bəşəriyyət özü bir ailədir. Biz hamını bu məqsədə - ləyaqətli və humanist olmağa çağırırıq. Bu, bizim dünyaya baxışımızdır, bu, UNESCO-nun dünyaya olan bəşəri baxışıdır. Biz bəşəriyyətin paylaşılan mədəniyyətini ümumi zənginliyimiz fonunda mühafizə etməliyik. Bu da bizim baxışımızdır. Eləcə də biz qlobal həmrəyliyi, vətəndaşlıq amallarını, prinsiplərini bizim baxışımız kontekstindən təbliğ edirik. Bizim üçün, konkret olaraq, UNESCO üçün sülh, əmin-amanlıq, eyni zamanda, mənəvi zənginlik bəşəriyyətin həmrəyliyi çərçivəsində təmin olunmalıdır. Bu, bizim Nizamnaməmizdə əksini tapıb.
Bu gün bizim tolerantlığa, birgəyaşayışa, həmrəyliyə, anlaşmaya həmişəkindən daha çox ehtiyacımız var. Biz müxtəlifliyə, rəğbət və hörmətə, insani dəyərlərə xidmət edən innovasiyalara rəvac verməliyik. Cənab Prezident İlham Əliyevin də əminliklə söylədiyi kimi, müxtəliflik bizim gündəlik həyatımızın reallığını əks etdirir. Bizim yeni proqramlarımız da məhz demokratiya prinsipləri əsasında hamının mənafeyinə xidmət etməlidir. Məhz bu məqsəd UNESCO-nun fəaliyyətinin əsas prinsipidir. Bu Forumun tərəfdaşlarını Bakıda bir araya gətirən də məhz bu zərurətdir. UNESCO BMT-nin əsas qurumlarından biridir. Bu gün bu Forumda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, Dünya Turizm təşkilatlarının, eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri iştirak edirlər. Bu da həmrəyliyimizlə bağlı bir mesajdır.
İrina Bokova UNESCO-nun mədəni müxtəlifliyin, sülh naminə tərəfdaşlığın təbliği üçün səylərini əsirgəmədiyini vurğuladı. O, zorakı ekstremizmə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini bildirdi. Bunun üçün dialoqun gücləndirilməsinin, savadlılığın maksimum diqqətdə saxlanılmasının, beynəlxalq təşkilatların əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini ətraflı xarakterizə etdi. Təhsil layihələri, irqçiliyə qarşı mübarizə və digər məsələlərdən geniş bəhs edən İrina Bokova mədəni müxtəlifliyə də nail olmağın mühüm əhəmiyyətini xüsusi vurğulayaraq dedi:
- Biz dialoqu, sülhü daha da gücləndirməliyik. Münaqişəli zonalarda mədəni irsin qorunması ilə bağlı olan bu mesaj, eyni zamanda, “Bakı prosesi”nin təməlini təşkil edir. Mədəni müxtəliflik təhdid deyil, bu, hamı üçün şans və imkandır. Mən hətta deyərdim ki, mədəni müxtəliflik qürur mənbəyidir. Bu, bəşəriyyətin qürur mənbəyi olmalıdır. Mədəni müxtəliflik əsrlər boyu Azərbaycanın zəngin tarixi ənənəsini əks etdirən bir amildir.
Xanımlar və cənablar, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın təşəbbüsü olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bizim ümumi amalımıza, sülh üçün çağırışlarımıza gözəl bir cavabdır. Diqqətinizə görə təşəkkür edirəm.
X X X
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser çıxış edərək dedi:
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Çox hörmətli rəhbərlər, qonaqlar, xanımlar və cənablar.
Yenidən Bakıda olmağımdan məmnunluğumu ifadə edirəm. Sizin gözəl şəhərinizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsindən təxminən bir ilə yaxın vaxt ötür. Cənab Prezidentin söylədiyi kimi, bu böyük uğur, müvəffəqiyyət tarixdə bir irs kimi qalacaqdır. Biz BMT təşkilatı olaraq Sizinlə və hökumətinizlə öz dəyərlərimizi paylaşırıq. Mən məmnuniyyətlə qeyd etmək istərdim ki, bizim komandalarımız tərəfdaş qismində əməkdaşlıq edir. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu birlikdə keçiririk.
“Bakı prosesi” artıq bir platformaya çevrilib. Bu platformanın artıq bir çox ölkədə mədəniyyətlərarası dialoqa, inklüziv cəmiyyətə rəvac verən bir prosesə çevrildiyini qeyd etməliyik. Sivilizasiyalar Alyansı bu təşəbbüsü ilk vaxtdan dəstəkləməyə qərar vermişdir. Öz növbəsində bunun xalqlar arasında, müxtəlif cəmiyyətlərdə, bir çox ölkələrdə müxtəlifliyə, dialoqa, eləcə də qarşılıqlı anlaşmaya töhfə verən bir proses olduğuna inanırıq. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi də xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Forumun məqsədi insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanları axtarmaqdan ibarətdir. Forumun plenar sessiyalarında da insan hüquqları, sülh, təhlükəsizlik, davamlı inkişaf, qarşılıqlı anlaşma müzakirələrimizin əsas mövzuları olacaq. Biz bunları ayrı-ayrılıqda həyata keçirdikdə istədiyimiz məqsədlərə nail ola bilməyəcəyik. Bu məsələlərə kompleks yanaşılmalıdır. Təəssüflər olsun ki, bir çox islahatlarda uğursuzluğa düçar olmuşuq. BMT-nin nizamnaməsi, hamımızın burada müdafiə etdiyimiz nizamnamə, fundamental səviyyədə 3 təməl sütunu ilə sıx əlaqəlidir. Bunlar bizim də əsas rəhbər prinsiplərimiz olmalıdır.
Baş katib Quterreşin də sülhlə bağlı çağırışları hər zaman gündəmdə qalmaqdadır. Biz hamımız birgə əməkdaşlıq edərək əlimizdəki səlahiyyət çərçivəsində vəzifə və öhdəliklərimizi yerinə yetirməli, bu hədəflərə, məqsədlərə nail olmalıyıq.
Nassir Abdulaziz Al-Nasser qarşıya qoyulan məqsədlərə nail olmaqda mədəniyyətlərarası və dinlərarası dialoqun da vacib rolunu vurğulayaraq bildirdi:
- Məhz bu səbəbdən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni sahələr, yeni parametrlər - yüksək səviyyədə beynəlxalq təşkilatların görüşü çox güclü tərəfdaşlarla bir yerdə keçirilir. Bu Forumda sizləri qlobal tərəfdaş kimi təqdir edirik.
Nassir Abdulaziz Al-Nasser dindən sui-istifadənin yolverilməzliyini xüsusi qeyd etdi. O, sülhə və inkişafa nail olunmasında bəşəri həmrəyliyin həlledici rolunu diqqətə çatdırdı. Ümumi amallara çatmaqda siyasi liderlərin mövqeyinin mühüm əhəmiyyət daşıdığını bildirən Nassir Abdulaziz Al-Nasser dedi:
- Mən bir daha siyasi liderlərə üz tutaraq nifrət dolu çıxışlardan uzaq durmağa çağırıram ki, bizim bu ali məqsədimiz ekstremistlərin işinə yaramasın. Onlar təəssüflər olsun ki, bizim dəyərlərimizi aşağılamağa çalışırlar. Biz bir çox məsələlərdən agahıq. Eyni zamanda, öz səylərimizlə, təşəbbüslərimizlə mədəniyyətlərarası, dinlərarası dialoqa töhfə verməyə və körpülər qurmağa çalışırıq. Bunlar vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Biz bu hədəflərə nail olunması işində Azərbaycanı özümüz üçün mühüm bir tərəfdaş kimi görürük. Bu əməkdaşlıq gələcəkdə müxtəlif səviyyələrdə davam edəcək. Səmimiyyətlə inanıram ki, mədəniyyətlərarası dialoq, vasitəçilik və barışıq prinsipləri, eyni zamanda, dünyadakı problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Gəlin, bizim vaxtilə söylədiyimiz sözləri xatırlayaq: Dünya o zaman sülh və əmin-amanlıq şəraitində olacaq ki, insanlar öz gündəlik həyatlarında təhlükəsiz yaşaya biləcəklər. Mən bu Forum çərçivəsində kreativ ideyaların mübadiləsinə ümid bəsləyirəm. Hamınıza uğurlar diləyirəm. Təşəkkür edirəm.
X X X
BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai çıxış edərək dedi:
- Cənab Prezident, bir daha Sizi görməyimdən böyük iftixar və şərəf hissi duyuram. Mən hər dəfə Bakıya gəldiyim zaman Sizin tərəfinizdən qəbul olunmaq şərəfinə nail oluram. Bu, mənim üçün vacibdir. Bu gün səhər mən bu fikrin bir daha şahidi oldum. Mənə elə gəlir ki, biz burada böyük mesajları Sizdən eşitdik və bu mesajın böyük dəyəri var. Çox sağ olun.
Prezident İbrahim Boubakar Keita, çox sağ olun ki, bu gün bizimlə buradasınız.
Hörmətli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Sizi burada görməyimdən çox şadam. Çox sağ olun ki, buraya gəlmisiniz və öz fikirlərinizi bizimlə bölüşəcəksiniz.
Xanımlar və cənablar.
Mən sizin hamınızın burada olmağınızı alqışlayıram. Görürəm, burada çox maraqlı insanlar, dostlarımız əyləşiblər. Biz burada toplaşmışıq ki, yaşadığımız dünyanı daha təhlükəsiz edək. Biz bunu hər zaman yüksək dəyərləndiririk. Çox sağ olun.
Hörmətli dostlarım, böyük şərəf və iftixar hissi ilə bu gün burada sizinləyəm, Bakıdayam. Bakı gözəl şəhərdir. Ötən gecə Bakını seyr etmək, onun gözəlliyini görmək imkanımız oldu. Bir daha şahidi oluruq ki, paytaxtınız daha da gözəlləşir. Bir il əvvəl gəldiyim zamanla indiki vaxtı müqayisə edərək görürəm ki, nə qədər böyük dəyişikliklər olub. Bakının bu gözəl, saf enerjisini duyuram.
Hörmətli cənab Prezident, Albert Eynşteyn deyirdi ki, keçmişlə gələcəyin arasında olan əlaqə əslində bizim beynimizdə illüziya təşkil edən fikirlərdir. Keçmişdə nə baş verirsə, biz onu yaddan çıxara bilmərik, çünki o, sonra yenidən təkrarlanır. Biz gələcəkdən də bunu gözləməliyik. Qlobal liderlər olaraq bizim qarşımızda bir vəzifə dayanır. Biz bu gəmidə davamlı şəkildə mümkün qədər düzgün istiqamətdə irəliyə doğru getməliyik. Bu, çox ağır bir dövrə təsadüf edir. Çünki biz təlatümlü və qeyri-aydın bir dövrdə yaşayırıq. Böyük yazıçı Çarlz Dikens deyirdi ki, biz ağır, eyni zamanda, ən maraqlı dövrdə yaşayırıq. Bu çağırışlar, iqtisadi böhran, terrorçuluq, insan hüquqları üzrə mübarizə, bərabərsizliyin aradan qaldırılması, iqlim dəyişikliyi və eyni zamanda, təcridolunma, divarların çəkilməsi, sədlərin tikilməsi dövründə yaşayırıq. Eyni zamanda, mənim şərəflə təmsil etdiyim sahə adından deyə bilərəm ki, biz insan azadlıqlarını, xüsusən də insanların azad şəkildə yerdəyişmələrini təmin etməliyik. Biz keşməkeşli bir vaxtda yaşayırıq. Görürük ki, bu gün dünya bəzi yerlərdə daha çətin vəziyyətə sürüklənir.
Mən çox şadam ki, siz burada toplaşmısınız. Bu gün siz çalışırsınız göstərəsiniz ki, dünya bir-birindən asılıdır. Əgər biz bir-birimizdən asılıyıqsa bir-birimizə daha böyük hörmətlə, daha böyük mərhəmətlə yanaşmalıyıq.
Taleb Rifai dünyada qarşılıqlı zənginləşmədə və milli iqtisadiyyatların böyük mənfəət əldə etmələrində turizmin də vacib rol oynadığını əsaslandırdı. O, kamil dünyanın formalaşdırılmasında tolerantlığın, qarşılıqlı anlaşmanın təbliğinin və bu sahədə sıx əməkdaşlığın mühüm əhəmiyyətini diqqətə çatdırdı. Bu baxımdan Azərbaycanın nümunəvi rolunu xüsusi vurğulayan Taleb Rifai dedi:
- Cənab Prezident, BMT-nin Baş Məclisi 2015-ci ildə üç əsas vacib sənəd qəbul etmişdir. Birincisi, o, 17 davamlı inkişaf məqsədini qəbul edib. Bu, 193 üzv dövlətə aiddir. İkincisi, 2015-ci ilin dekabrın 2-də Paris sazişi imzalandı. Bu da vacib bir hadisə idi. Üçüncüsü, 2015-ci ilin sentyabrında qəbul edilmiş qərara görə, bu il dünyada “Turizm İli” kimi qeyd olunur. Bu, hamımız üçün nadir bir imkan yaradır ki, biz birgə çalışaq və daha kamil dünyanı qorumaq üçün səylərimizi birləşdirək. Mən ümid edirəm ki, XXI əsrdə bundan sonra dünyanın müxtəlif yerlərində insanlar təhlükəsiz və daha yaxşı şəraitdə yaşayacaqlar. Bizim qlobal çağırışlarımız yalnız tərəfdaşlıq yolu ilə aradan qaldıra bilər. Bunun başqa yolu yoxdur. Buna görə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideal bir fürsətdir ki, biz öz öhdəliklərimiz haqqında düşünək.
Hörmətli dostlar, bəlkə də bu, mənim Dünya Turizm Təşkilatının baş katibi kimi ölkənizə etdiyim sonuncu səfərimdir. İnsanlara, cəmiyyətlərə, mədəniyyətlərə, ətraf mühitə hörmətlə yanaşmalıyıq. Çünki bununla biz özümüzə hörməti təmin edirik. Buna görə cənab Prezident, biz bundan sonra da Azərbaycana gələcəyik. Azərbaycan elə bir diyar, elə bir ölkədir ki, dünyada böyük nüfuza malikdir. Biz Azərbaycanı “Odlar diyarı” adlandırırıq. Əsrlər boyu belə olub. Azərbaycan gözəl bir məkandır. Çox səmimi xalqınız var, cənab Prezident. Bu baxımdan Sizi xoşbəxt hesab edirəm.
Hörmətli dostlar, gəlin, yadda saxlayaq ki, bizim həyatımız məhz bu cür məsələlərə vaxtımızı sərf etməklə qurulmalıdır. Buna görə xanımlar və cənablar, bizim həyatda əsas məramımız bu dünyanı daha da təkmilləşdirmək olmalıdır. Çox sağ olun, təşəkkür edirəm.
X X X
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin gündəlikdə duran məsələlər barədə fikirlərini bölüşərək dedi:
-Zati-aliləri cənab Prezident İlham Əliyev.
Zati-aliləri Malinin Prezidenti.
Xanımlar və cənablar.
Əvvəla, məni bu tədbirə dəvət etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mən bu gözəl Bakı şəhərində ilk dəfədir ki, oluram. Mən burada İslam Əməkdaşlıq Təşkilatının rəhbəri kimi iştirak edirəm. Mən məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və onun hökumətinə təşəkkürmü bildirirəm ki, onlar məni bu tədbirə dəvət ediblər və buraya gəldiyim andan Sizin səmimi qonaqpərvərliyinizin şahidi oldum.
Siz 8 il əvvəl başladığınız “Bakı prosesi” haqqında danışdınız və mədəni müxtəlifliyin bir həyat tərzi kimi burada daha geniş vüsət aldığını qeyd etdiniz. Biz bilirik ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir.
Cənab Prezident, Siz çox səylər göstərmisiniz ki, biz elə məkanlar formalaşdıraq ki, orada sivilizasiyalar və xalqlar qovuşsun. Bu baxımdan mən UNESCO-ya və BMT-nin Sivilizasiyalar Alyansına minnətdarlığımı bildirmək istəyirəm. O cümlədən Dünya Turizm Təşkilatına, FAO-ya, ISESCO-ya və bütün digər tərəfdaşlarımıza təşəkkürümü bildirirəm ki, onlar bu Forumun təşkil edilməsinə sadiq olublar və xalqlar, mədəniyyətlər arasında dialoqun təşviq edilməsi istiqamətində çox iş görüblər.
Yusif Əl-Osaymin xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin vacib rol oynadığını qeyd etdi. O, bu məqsədlə dialoqu, sülh mədəniyyətini təşviq etməyi və bunun üçün səyləri birləşdirməyi xüsusi vurğulayaraq bildirdi:
- Biz ədavətə, ekstremizmə qarşı çıxırıq, qarşılıqlı anlaşmanı, mədəni müxtəlifliyi təşviq edirik və istəyirik ki, sivilizasiyalararası dialoq daha da artsın. Mən bir daha təşkilatımızın sadiqliyini qarşınızda təsdiq edirəm ki, biz bundan sonra da sivilizasiyalararası, dinlərarası dialoqa dəstəyimizi davam etdirəcəyik. Biz bunu özümüzə vacib bir vəzifə hesab edərək gələn illər üçün müvafiq planlarımızı tərtib etmişik. Biz bu planları müxtəlif ölkələrin, üzv dövlətlərin sammitlərində və təşkil etdiyimiz digər tədbirlərdə müzakirə edib təsdiqləmişik. Sizə işinizdə uğurlar arzulayıram. Çox sağ olun.
X X X
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumda qaldırılan məsələlər barədə qənaətini diqqətə çatdıraraq dedi:
- Hörmətli cənab Prezident İlham Əliyev.
Mali Respublikasının Prezidenti cənab Keyta.
Hörmətli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva, xanımlar və cənablar.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən şərəf hissi duyuram. Əslində mən bundan əvvəl keçirilmiş forumlarda iştirak etmişəm. Qeyd etməliyəm ki, bu Forum hər zaman uğurlu iş aparıb və Siz burada söylədiniz ki, əslində Forum çərçivəsində artıq mükafat da təsis edilib. Bu mükafatla sülh, dialoq və anlaşma istiqamətində çalışan insanların səyləri qiymətləndiriləcək. Mən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, o, bütün dünyanın insanlarını bir araya gətirmək, sülh haqqında danışmaq, anlaşmanı artırmaq üçün səylərini əsirgəmir.
Gördüyümüz kimi, Bakı sülhün, inkişafın, mədəniyyətlərarası, dinlərarası dialoqun, müxtəlifliyin mövcud olduğu məkandır. Sözün əsl mənasında, - mən burada heç bir sözü özümdən artırmıram, - bu, belədir. Çünki ədavət, münaqişə, toqquşma olan bir dünyada Azərbaycan ahəngdarlıq ölkəsidir və biz bunun şahidiyik. Müxtəlif ölkələrdə oluram, 2005-ci ildən etibarən bir çox ölkələrə səfər etmişəm və görürəm ki, Azərbaycan müasir, demokratiya, inkişaf, mədəniyyətlərarası dialoq və sülh ölkəsidir. Bir sözlə, cənab Prezident, göstərdiyiniz bütün səylərə görə təşəkkür edirik ki, dünyanın müxtəlif insanlarını bir araya gətirmisiniz. Eyni zamanda, mən ISESCO adından mədəniyyətlərarası dialoqun möhkəmlənməsi istiqamətində aparılan işə görə də təşəkkürümü bildirirəm. Mən burada öz çıxışımı oxumaq istəyirdim. Lakin bilirəm ki, bunların hamısını oxusam bu, daha çox vaxt tələb edəcək. İstəməzdim ki, daha çox vaxtınızı alım.
Dörd məqamı bildirmək istəyirəm. Birincisi, dünyaya sülh lazımdır. Lakin sülh ədavətin, fobiyanın, müharibələrin və ədalətsizliyin yayıldığı şəraitdə mümkün deyil. Zənnimcə, bunun yeganə səbəbi ondan ibarətdir ki, super dövlətlər öz üzərilərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmirlər. Onlar yalnız öz maraqları uğrunda mübarizə aparırlar. Onlar BMT-nin Təhlükəsizlik Şurasında əyləşirlər və onların əsas işi əslində dünyada sülhün qorunması olmalıdır. Biz Zati-aliləri cənab Prezidentin nitqinə diqqət yetirdik və Dağlıq Qarabağ bunun bir misalıdır. Yəni, 20 ildən artıqdır ki, işğal mövcuddur. Dağlıq Qarabağ və yeddi rayon işğal altındadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulub. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, digər beynəlxalq təşkilatlar qərarlar qəbul edib. Amma problem yenə də qalmaqdadır. Dünyanın digər yerlərində - Suriyada, Misirdə, Somalidə, Əfqanıstanda, İraqda insanlar müharibələrdən, münaqişələrdən, terrordan əziyyət çəkirlər. Mədəniyyət abidələri məhv edilir. Dünyadakı böyük güclər buna görə məsuliyyət daşıyır və onlar özləri bu müharibələri dayandıra bilmirlər. Bizə istəyirik ki, Təhlükəsizlik Şurası öz işini lazımi səviyyədə görsün. Mən bunu uca səslə bəyan etməliyəm, vaxt artıq yetişib. Biz gözləmə mövqeyində olmalı deyilik, biz tədbirlər görməliyik.
Dünyanın böyük dövlətlərinin üzərilərinə düşən vəzifələri düzgün dərk etməsinin həlledici əhəmiyyətini ətraflı xarakterizə edən Əbdüləziz bin Osman əl-Tuveycri ədalətin başlıca meyar olması üçün ISESCO-nun da səylərini əsirgəmədiyini diqqətə çatdıraraq söylədi:
- Gördüyümüz bütün işlər anlaşmanın, dialoqun və bu cür tədbirlərin həyata keçirilməsinə, bütün dünyada xalqların dinc şəraitdə yaşamasının gücləndirilməsinə yönəlməlidir. Mən xanım Bokovaya burada, bu prosesdə bizə verdiyi dəstəyə görə minnətdaram. Avropa Şurasındakı bütün tərəfdaşlarımıza, həmçinin UNICEF, Dünya Bankı, Afrika İnkişaf Bankı və digər bütün tərəfdaşlarımıza minnətdarıq ki, onlar daha təhlükəsiz dünyanın qurulması işinə sadiqdirlər. Biz yalnız birgə səylərlə sülh və təhlükəsizliyi təmin edə bilərik. ISESCO bunu belə görür. Cənab Prezident, Sizi əmin edirəm ki, biz Sizin uğrunda mübarizə apardığınız məramı tam həyata keçirilməsinə öz töhfəmizi verəcəyik. Çox sağ olun.
X X X
Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini Draqoni çıxış edərək dedi:
-Cənab Prezident.
Xanım Mehriban Əliyeva.
Əziz qonaqlar, xanımlar və cənablar.
Mən bu gün burada Avropa Şurasının adından qətiyyətlə bizim üzv dövlətlərə üz tutaraq Azərbaycana və onun rəhbərliyinə belə bir mühüm Forumun təşkilatçılığını üzərilərinə götürdüyünə görə minnətdarlığımı bir daha çatdırıram. Qeyd etmək istərdim ki, mən 2008-ci ildə həqiqətən çox gözəl və dinamik inkişaf edən Bakı şəhərində olmuşam. O zaman Avropa Şurasının üzvü olan bütün ölkələrin mədəniyyət nazirləri qonşu ölkələrin mədəniyyət nazirləri ilə birlikdə Azərbaycana təşrif buyurmuşdular. O vaxt həmin nazirlər “Bakı prosesi”nin yekun qətnaməsini qəbul etmişdilər. O qətnamə mədəniyyətlərarası dialoqu təşviq edən bir sənəddir.
Cənab Prezident, Sizə və komandanıza sülh prosesinə, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına verdiyiniz töhfəyə görə xüsusi təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, “Bakı prosesi” artıq xəyal deyil, bir reallıqdır. Bəli, 2008-ci ildə bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək.
Qabriella Battaini Draqoni mədəni müxtəlifliklə, mədəniyyətlərarası dialoq və bu qəbildən olan digər məsələlərlə bağlı Avropada həyata keçirilən işləri ətraflı diqqətə çatdırdı. O, bu baxımdan maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını bildirdi. Qabriella Battaini Draqoni yaxın iki ildə Avropada islamofobiyaya qarşı mübarizə ilə əlaqədar ardıcıl iş aparılacağını dedi və qarşıda duran məsələlərin öhdəsindən bacarıqla gəlməkdə beynəlxalq təşkilatların da sıx əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdıraraq vurğuladı:
- Heç zaman unutmamalıyıq ki, biz uğurla və səmərəli şəkildə əməkdaşlıq edə bilərik. Beləliklə, keçmişdə
gördüyümüz işlərin fonunda mən də, həmçinin hamımız bu xoş notlarla bizim Forumun nəticələrinə böyük ümidlər bəsləyirik.
Cənab Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı prosesi”nin məşəlini heç zaman sönməyə qoymayaq. Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var. Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın müraciəti səsləndirən FAO-nun aparat rəhbəri Mario Lubetkin dedi:
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Malinin Prezidenti cənab İbrahim Boubakar Keyta.
BMT-nin ali nümayəndəsi, baş direktorlar, baş katiblər.
Bizim sədarətin çox mötəbər və mühüm Forumun iştirakçıları.
İcazənizlə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzrə baş direktoru Joze Qratsiano da Silvanın salamlarını çatdırım. Əfsuslar olsun ki, özü başqa işləri olduğuna görə bura gələ bilmədi.
Mən əvvəlki məruzəçilərə də, çox səxavətli Azərbaycan Respublikasının xalqına da onların başladığı bu çox önəmli missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. FAO-nun baş direktorunun müraciətində deyilir: “Xanımlar və cənablar, keçən il Bakıda Sivilizasiyalar Alyansının ilk tədbiri keçirildi. Biz çox şadıq ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu insanların təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanların axtarılması məsələlərinə həsr olunub. Bunlar çox vacib hədəflərdir”.
Daha sonra müraciətdə bu Forumun insanlar arasında mədəni körpülərin qurulmasına xidmət etdiyi bildirilir, dünyada kənd təsərrüfatının inkişaf etdirilməsinin, insanların ərzaq və qida ehtiyacının ödənilməsinin əhəmiyyəti vurğulanır. Azərbaycanın ev sahibliyi etdiyi bu Forumun təşəbbüslərinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən dəstəkləndiyinin bəyan edildiyi müraciətdə qeyd olunur: “Bakı prosesi” öz növbəsində bir çox ali məqsədlərə çatmağa kömək edə bilər. Ona görə də bir daha qeyd edim ki, mən sözügedən “Bakı prosesi”nin məntiqi davamı olaraq BMT-nin Sivilizasiyalar Alyansı, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı “Mədəniyyətlərarası ərzaq təhlükəsizliyi və sülh” mövzusunda böyük bir tədbir keçirəcəkdir. Tədbir FAO-nun qərargahında elan ediləcək. Orada digər tərəfdaşlar da iştirak edəcəklər. Eləcə də bu tədbir məhz Azərbaycanın dəstəyi ilə keçiriləcək. FAO-nun üzv dövlətlər və təşkilatlarla, BMT ailəsi ilə, vətəndaş cəmiyyətləri, eləcə də özəl sektorla birlikdə keçirəcəyi tədbirin məqsədi planetimizdə mövcud problemlərə qarşı mübarizə aparmaqdır. Əminik ki, biz qlobal çağırışların həlli yollarını yalnız birlikdə tapa bilərik. Mən FAO-nun gələcək təşəbbüslərimizdə fəal rol oynayacağını bir daha qeyd etmək istərdim. Mən ev sahibi Azərbaycan Respublikasına minnətdarlığımı bildirir, müxtəlif ölkələrin nümayəndələrini, liderlərini müntəzəm surətdə dəvət edib öz təcrübələrini paylaşdıqları üçün ölkə rəhbərliyinə təşəkkür edirəm”.
X X X
Sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verildi.