Yazıçı Jerar Kardon: Ədalətsizlik və cəzasızlıq insanlığa qarşı yönəlmiş faciələrin təkrarlanmasına yol açır
Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edib.
Tədbirdə Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak ediblər.
Mərasimdə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, Xocalı soyqırımının Azərbaycan tarixinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı və qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edən diplomat bu ərazilərdən bir milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə salındığını bildirib. O, Xocalının Ermənistan tərəfindən işğalı nəticəsində 613 dinc sakinin amansızlıqla qətlə yetirildiyini, 1275 nəfərin girov götürüldüyünü, 197 nəfərin itkin düşdüyünü diqqətə çatdırıb. Dünya birliyini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi vurğulayan E. Eyyubov bu kampaniyanın Xocalı qətliamının dünyanın bir çox ölkələri tərəfindən soyqırımı kimi tanınmasına verdiyi töhfəni qeyd edib.
Bildirib ki, Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq, onun ağrı-acıları yaddaşlardadır. Təəssüf ki, bu soyqırımını törədənlər hələ də cəzasız qalıblar. Xocalı sakinləri ədalətin bərqərar olmasını və bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edir.
Fransız yazıçısı Jerar Kardon Srebrenitsa faciəsindən əvvəl Dağlıq Qarabağda 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı qətliamının törədildiyini bildirib. Xocalı soyqırımı haqqında geniş danışan yazıçı beynəlxalq ictimaiyyətin bu faciəyə layiqli qiymət verməməsi və günahkarların cəzasız qalmasından hiddətləndiyini qeyd edib. Bakıda olarkən Xocalı sakinləri ilə görüşdüyünü bildirən J.Kardon ermənilərin ağlasığmaz vəhşiliklərindən dəhşətə gəldiyini deyib. O, təəssüf hissi ilə bildirib ki, ədalətsizlik və cəzasızlıq insanlığa qarşı yönəlmiş bu cür faciələrin təkrarlanmasına yol açır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasını vurğulayan yazıçı beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin tənqid edib.
TEAS-ın Strasburq bürosunun direktoru Eliza Pieter Xocalı soyqırımını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. “Xocalıya ədalət!” kampaniyasının önəmindən bəhs edən E.Pieter bu kampaniya çərçivəsində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Qeyd edib ki, Xocalı soyqırımının anılması gələcəkdə bu cür vəhşiliklərin bir daha təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır. TEAS adından fransız bəstəkarı Pyer Tiluanın “Xocalı 613” əsərini təqdim edən E. Pieter onun sülh elçisi amacı daşıdığını və bəstəkarla Azərbaycan arasındakı 20 illik dostluğun bəhrəsi olduğunu diqqətə çatdırıb. Bu əsər ilk dəfə 2013-cü ildə ifa edilib və o vaxtdan bəri Paris, London, Brüssel, Strasburq, Berlin, Bern, Cenevrə, Vilnüs, Oslo kimi şəhərlərdə səsləndirilib.
Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımına dair hazırlanmış qısametrajlı film nümayiş olunub, tədbir iştirakçılarına soyqırımı ilə bağlı fransız dilində bukletlər və fransız bəstəkarı Pyer Tiluanın “Xocalı 613” adlı əsərinin CD diskləri paylanılıb.