2017-01-24

Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər

Bu gün AŞPA-nın qış sessiyasının plenar iclasında ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

S.Seyidov bildirib ki, Avropa Şurasında biz öz dəyərlərimizi qorumalıyıq. Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər. Qeyri-hökumət təşkilatları, müxtəlif dairələr Avropa Şurasına öz diktələrini yeritmək istəyirlər. Ancaq Parlament Assambleyası onlara qulaq asıb onların diktəsi altında işləməməlidir.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu məsələ hələ də gündəmdədir. AŞPA prezidenti bu gün açılış nitqində də bunu qeyd edərək bildirib ki, Avropa Şurasından bir alət kimi, ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər və bunun qarşısı alınmalıdır.

“Biz hesab edirik ki, bu gün Parlament Assambleyasında baş verən hadisələr, yəni müxtəlif qeyri-hökumət təşkilatlarının Parlament Assambleyasına Azərbaycanla bağlı göndərdiyi müraciətlər məhz belə məqsəd daşıyır. Onlar çalışırlar ki, Parlament Assambleyası hörmətini itirsin və AŞPA-da parçalanma proseslərinə yol açsınlar. Buna yol verilməməlidir”, - deyə S.Seyidov vurğulayıb.

 

AZƏRTAC

Arxiv üzrə axtarış