Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb Prezident İlham Əliyev qurultayın açılış mərasimində nitq söyləyib
İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı qurultayda nitq söylədi.
Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir.
Rəsmi açılışdan sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək.
Tədbir çərçivəsində diaspor nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.