Böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət
Bu qeydlər üçün sərlövhə dünyanın tanınmış şəxsiyyətlərinin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqqında vaxtilə dedikləri fikirlərdən seçilib.
Heydər Əliyev doğrudan da dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində - Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Xatırlatmaq yerinə düşər ki, o, Sovet İttifaqı kimi nəhəng bir dövlətdə yüksək vəzifədə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdi.
Heydər Əliyev haqqında kimlər söz deməyib: Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar... Onların dediklərinə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır, Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının Ulu Öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır.
AZƏRTAC Ulu Öndərin anadan olmasının 93-cü ildönümündə onun haqqında deyilən fikirləri bir daha diqqətə çatdırır.
Gəlin yaddaşlarımızı təzələyək.
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl: Mənim Heydər Əliyevə böyük sevgim, hörmətim və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir.
Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı.
Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir.
ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.
Rusiya Prezidenti Vladimir Putin: Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur.
O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.
ABŞ-ın sabiq Prezidenti Bill Klinton: Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm...
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur.
Bill Klinton (Heydər Əliyevə müraciətlə): Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Fransanın sabiq Prezidenti Jak Şirak: Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.
İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəmi: Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur.
Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir.
Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer: Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir. Böyük Britaniya Azərbaycan Respublikası ilə, Prezident Heydər Əliyevlə əlaqələrin daha da sıxlaşdırılmasına xüsusi əhəmiyyət verir. Biz Azərbaycanı və Prezident Heydər Əliyevi özümüzün strateji müttəfiqimiz hesab edirik. Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev: Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır.
Özbəkistan Prezidenti İslam Kərimov: Azərbaycan xalqına həsəd aparıram, çünki onun dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan lideri var.
Məşhur qırğız yazıçısı Çingiz Aytmatov: Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.
Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.
Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir.
Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze: Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək.
Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin “polad iradəli Əliyev” yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.
Azərbaycan xalqının əsl xoşbəxtliyi ondan ibarətdir ki, xalqın, dövlətin ən çətin, böhranlı vaxtında görkəmli siyasətçi, böyük şəxsiyyət cənab Heydər Əliyev məsuliyyəti öz üzərinə götürmüşdür.
ABŞ-ın sabiq Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi, məşhur politoloq Zbiqnev Bjezinski: Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir.
Türkiyənin sabiq Baş naziri Bülənd Ecevit: Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku: Prezident Heydər Əliyev çox maraqlı simadır, onun dünya miqyaslı liderlərindən biri olduğunu nəzərə alsaq, görərik ki, o, çox parlaq şəxsiyyətdir. Onunla mən hələ prezident seçilməzdən əvvəl tanış olmaq istəyirdim. Lakin təəssüf ki, buna müvəffəq olmadım. Bizim ilk ünsiyyətimiz Lissabonda oldu, sonra başqa beynəlxalq tədbirlərdə görüşdük.
Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək Yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir.
Prezident Heydər Əliyev görkəmli siyasətçidir və qarşılıqlı maraq doğuran məsələləri son illər ərzində onunla bir neçə dəfə səmimi və konstruktiv şəraitdə müzakirə etmək mənə nəsib olmuşdur.
Ukraynanın sabiq Prezidenti Leonid Kuçma: Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib möhkəmlənmişdir. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcək.
BMT-nin sabiq baş katibi Butros-Butros Qali: Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm.