Ermənilərin artilleriya atəşləri nəticəsində Tərtərdə dağılmış evlərlə tanışlıq
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxdılar.
Tərtər sakini Mübariz Həsənovun evi də düşmən tərəfindən yararsız vəziyyətə salınıb. Dövlətimizin başçısına məlumat verildi ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.
Ev sahibi Mübariz Həsənov: Aprelin 27-dən 28-nə keçən gecə saat 2 radələrində birinci mərmi 6 nömrəli məktəbin həyətinə düşdü. Həmin vaxt mən evdə idim. Mən barının arxasına keçdim ki, qəlpə dəyməsin. Sonra gördüm qumbara düşdü. Mən yola çıxdım, ondan sonra da ikinci mərmi bizim evə düşdü.
Prezident İlham Əliyev: Bütün lazımi tədbirlər görülür, hamısı gərək aktlaşdırılsın, sənədləşdirilsin, evin şəkli, videosu çəkilsin, dəymiş ziyan müəyyənləşdirilsin. Sonra biz onları məhkəməyə verəcəyik. Azərbaycan dövləti kömək edəcək, vəsait ayıracağıq. Bütün bu evlər bərpa olunmalıdır.
Xasay İbrahimova məxsus ev də erməni silahlı birləşmələrinin iriçaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə açdıqları atəşlər nəticəsində dağıdılıb.
Prezident İlham Əliyev: Bütün evlər bərpa olunacaq. İndi icra hakimiyyətinin nəyə gücü çatırsa etsin, çatmırsa onda hökumətdən vəsait ayrılacaq. Aktlaşmadan sonra biz dərhal işə başlamalıyıq.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Cənab Prezident, şəhərdəki çoxmənzilli binaların hamısının zirzəmiləri təmizlənib, su, işıq, telefon xətləri çəkilib. Vətəndaşlar istifadə edirlər.
Evin sahibəsi: Ermənilər elə bilirdilər ki, bizim iradəmizi qıracaqlar. Bir qarış da torpaq verməyəcəyik. Güclü Ordumuz, igid oğlanlarımız var.
Prezident İlham Əliyev: Bəli. Keçən ayın əvvəlində Ordumuz gücünü göstərdi.
Evin sahibəsi: Siz sağ olun. Ev düzələcək. Əsas odur ki, insanlara heç nə olmasın.
Rasim Bayramova məxsus ev də ermənilərin cəbhəboyu bütün istiqamətlərdən iriçaplı silahlardan Azərbaycanın yaşayış məntəqələrini şiddətli atəşə məruz qoyması nəticəsində bərbad vəziyyətə düşüb.
X X X
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Məlumat verildi ki, düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.
Dövlətimizin başçısı və xanımı artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində oldular.
Prezident İlham Əliyev: Salam, necəsiniz?
Abbas Abbasov: Çox sağ olun, cənab Prezident, əla.
Prezident İlham Əliyev: Bura təmas xəttinə ən yaxın olan yerdir.
Abbas Abbasov: Bəli, ən yaxın məsafədir.
Prezident İlham Əliyev: Narahat olmayın, bunların hamısı bərpa ediləcək. Lazımi vəsait ayrılacaq, kömək göstəriləcək. Dəymiş bütün ziyan aradan qaldırılacaq. Narahat olmayın, burada möhkəm yaşayın, yaradın, qurun. Bura Vətənimizdir, Azərbaycan torpağıdır.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər sakinləri ilə görüşdülər.
Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz. Tərtərdə Sizi qarşılamaq bizim üçün çox xoşdur. Allah Sizdən razı olsun. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun. Gəlmişəm sizi görüm, bu ağır günlərdə sizinlə bərabər olum, öz hörmətimi, məhəbbətimi ifadə edim. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, təmas xəttinə 200 metr məsafə var. Siz öz torpağınızda, Azərbaycan torpağında yaşayırsınız, özü də möhkəm yaşayırsınız.
Sakin: Sizə arxalanıb yaşayırıq, cənab Prezident.
Prezident İlham Əliyev: Biz sizinlə fəxr edirik.
Sakinlər: Çox sağ olun. Biz də Sizinlə fəxr edirik. Allah Sizi, övladlarınızı qorusun! Biz Sizi dəstəkləyirik, Sizin arxanızdayıq. Sizə, Ordumuza, Ulu Öndərimizin qoyub getdiyi müstəqil Azərbaycana, dövlətimizə, dövlətçiliyimizə güvənirik.
Prezident İlham Əliyev: Sizin kimi insanlar xalqımızın qürur mənbəyidir. Bax, siz burada, ən çətin, ən təhlükəli yerdə yaşayırsınız, qurursunuz, yaradırsınız. Dəymiş bütün ziyan aradan götürüləcək, vəsait ayrılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti güclü dövlətdir, sizin arxanızdadır. Dağılmış bütün evlər bərpa olunacaq, hər şey yenidən düzələcək. Siz möhkəm olun.
Sakin: Cənab Prezident, biz möhkəmik. Biz əsgərlərimizin arxasındayıq, Sizə, böyük Ordumuza güvənirik, arxalanırıq. Yaxşı ki, varsınız. Xanımınız da sağ olsun, Siz də. Çox sağ olun, minnətdarıq.
Prezident İlham Əliyev: Ordumuz döyüş meydanında öz gücünü göstərdi. Ancaq görün indi ermənilər nə edirlər, mülki əhaliyə atəş açırlar. Ordumuza gücü çatmır, sizi atəşə tuturlar.
Sakin: Heç bizə də gücü çatmır.
Prezident İlham Əliyev: Əlbəttə, sizə də gücü çatmır.
Sakin: Biz qadınlar da döyüşə getməyə hazırıq. Qorxmuruq, yaşayacağıq, evimizdən də çıxmayacağıq. Təkcə bu torpaqlarda yox, Allah qoysa, o torpaqları alıb gedib orada da, Şuşada da yaşayacağıq. Biz Sizə, Mehriban xanıma güvənirik.
Prezident İlham Əliyev: Sağ olun.
Sonra xatirə şəkli çəkdirildi.