Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2016” keçirilib
Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu-2016” keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva marafonda iştirak edib.
AZƏRTAC xəbər verir ki, saat 10:00-da Dövlət Bayrağı Meydanından start verilən yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olub. Marafonda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.
Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb.
Yarı marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib. İştirakçılar Dənizkənarı Milli Parkdan başlayaraq “Neftçilər” prospekti, Yusif Səfərov küçəsi ilə qaçıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət ediblər. Marşrut boyu iştirakçıların su və digər zəruri ehtiyacları ödənilib, onlar ilkin tibbi yardımla təmin olunublar. Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıb. Marşrut boyu ümumilikdə 5 avtobus dayanacağı fəaliyyət göstərib.
Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil edilən, icrası “SMG” (Sport Marketing Group) şirkəti tərəfindən həyata keçirilən marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. “Bakı Marafonu-2016”da iştirak etmək istəyənlər qeydiyyat üçün aprelin 11-dən 25-dək Bakının ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə və ya onlayn olaraq “Bakı Marafonu-2016”nın saytına (www.bakumarathon.az) müraciət ediblər.
Yeddi mindən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etməyiblər.
Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Marafon günü Bakı Olimpiya Stadionunda təşkil olunan fan-zonalar hər kəs üçün açıq olub. Burada iştirakçılar üçün müxtəlif əyləncə, konsert və şənlik, oyunlar, lotereyalar təşkil edilib. Uşaqlar və böyüklər üçün 20-dən çox əyləncə növü – futbol, lotereya oyunları, mini-sirk, animatorlar və konsert 20 min kvadratmetr ərazidə təşkil edilib. Fan-zonanın hər bir ziyarətçisi marafonun finişinə çatanları şəxsən qarşılamaq və qalibləri təbrik etmək imkanı qazanib. Ziyarətçilərin rahatlığı üçün xüsusi marşrut təşkil edilib. Fan-zona bütün yarış günü ərzində fəaliyyət göstərib.
Bakı Olimpiya Stadionunda, həmçinin Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi Volkicar şou təqdim edilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Bakı Marafonu-2016”nı dəstəkləyir və marafonun rəsmi tərəfdaşıdır. AFFA-nın əməkdaşları və futbol ictimaiyyətinin tanınmış nümayəndələri marafonda UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 kontekstində iştirak ediblər.
Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər “Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın finiş xətti və medal təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov, Gürcüstan vətəndaşı Georgi Dameniya ikinci və Tural Sadıxlı isə üçüncü çatıb. Qadınlar arasında Rahidə Aslanova birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli isə finişi üçüncü başa vurub.
Sonra “Bakı Marafonu-2016”nın qaliblərinin mükafatlandırılması mərasimi olub.
Təşkilatçılar tərəfindən birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olunub.
Xatırladaq ki, bu cür marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.
İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.
Marafonun strateji hədəflərinə gəlincə isə ictimai tədbir insanlarda idmana marağı gücləndirmək, turist cəlb etməkdən ibarətdir. Marafonun dəyərləri birlik, xeyirxahlıq, həmrəylik məqsədləri ətrafında insanları birləşdirmək, gəncləri fiziki cəhətdən daha güclü olmağa həvəsləndirmək, pozitivliyi təşviq etməkdir.
Bakı Marafonunun növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.