2016-04-18

Erməni təxribatları ilə bağlı həqiqətlər avropalı parlamentarilərin diqqətinə çatdırılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında qoşunların təmas xəttində son günlər baş vermiş hadisələrə görə ölkəmizi ittiham etməyə cəhd göstərən ermənistanlı deputat Samvel Farmanyana cavab verən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva erməni parlamentaridən Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi olduğunu soruşmağı tələb edib.

Q.Paşayeva əslində bugünkü iclasda terrora qarşı birgə mübarizənin gücləndirilməsinin, eləcə də mədəniyyətlərarası dialoqun genişlənməsinin önəmindən danışmağı planlaşdırdığını bildirib. Ancaq Ermənistan nümayəndə heyətinin üzvü S.Farmanyanın Azərbaycan əleyhinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri parlamentarilərə çatdırmaq üçün çıxışını dəyişməyi qərara aldığını söyləyib. O, işğalçı Ermənistan hərbiçilərinin qətlə yetirdiyi 16 yaşlı Turanə Həsənlinin anasının, oğlunun gözləri önündə öldürülən Qaraş Dadaşovun ailəsinin və son günlərdə cəbhə xəttində erməni əsgərlərinin atəşkəsi pozaraq qətlə yetirdikləri və yaraladıqları, evlərini dağıtdıqları onlarla mülkü azərbaycanlı ailəsinin çağırışlarını parlamentarilərə çatdırmaq istədiyini bildirib. Azərbaycanlı deputat aprel ayında Ermənistanın atəşkəsi pozduğunu, mülki azərbaycanlıları, kəndlərı hədəfə alaraq bir neçə dinc vətəndaşı qətlə yetirdiyini, çoxlu sayda evləri dağıtdığını bildirib. O, bütün bunları sübut edən fotolar və videoların olduğunu qeyd edib. Bildirib ki, bu gün burada erməni deputatlar yalan danışaraq dünya ictimaiyyətini aldatmağa çalışır. Aprelin əvvəlindəki hadisələr Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Həmin gərginliklər zamanı mülki əhalini qoruyaraq həlak olan Azərbaycan əsgərləri öz torpaqlarını qoruyurdular. Bəs Ermənistanın hərbiçiləri orada nə gəzirdilər?!

Q.Paşayeva Parlament Assambleyasını bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox səy göstərməyə və işğalçı Ermənistana təzyiq göstərməyə və ədalətin yanında olmağa çağırıb.

 

AZƏRTAC

Arxiv üzrə axtarış