Səməd Seyidov: “Ermənistanın Azərbaycana qarşı hərbi provokasiyasının vaxtı təsadüfən seçilməyib”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk iş günündə qurumun bürosu və daimi komitəsinin fəaliyyətinə dair hesabat ətrafında müzakirələr aparılıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirədə çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlamaqda ittiham ediblər.
Onlardan sonra söz alan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu ittihamlara cavab verərək Ermənistanın hərbi provokasiyaya yol verdiyini və bunun da məhz indi - Azərbaycanın Avropa qurumları ilə yaxınlaşdığı bir vaxtda baş verməsinin təsadüf olmadığını söyləyib: “Buradakı çıxışlarda da qeyd olundu ki, son vaxtlar Azərbaycanda bir çox irəliləyiş baş verib. QHT-lərin fəaliyyətindən bütün məhdudiyyətlərin götürülməsi, liberal-iqtisadi islahatlar və Azərbaycanla Avropa arasındakı münasibətlərin güclənməsinə xidmət etmiş digər addımlar davam etdirilməkdədir.
Bu, Azərbaycanın Avropa Şurasındakı gələcəyi üçün də çox vacib faktordur. Amma bilməlisiniz ki, Ermənistanın Azərbaycana qarşı apardığı cinayət xarakterli hərbi provokasiyasının vaxtı təsadüfən seçilməyib. Azərbaycan Qərb dünyası ilə yeni sıx əlaqələrin qurulması istiqamətində çalışdığı bir vaxtda, Azərbaycanda liberal islahatlara, insan hüquqları və demokratiyaya qapıların açıldığı bir vaxtda bizim ölkəyə qarşı belə bir hərbi provokasiya baş verir. Əminəm ki, biz aqressorun sözü ilə oturub-dursaq, cinayətkarları cəzalandırmasaq, o zaman bu, heç vaxt müsbət nəticələr verməyəcək və həmişə faciə ilə bitəcək. Assambleyanın yanvar sessiyasında təklif olunan hesabat qəbul olunsaydı, bütün bunlar baş verməzdi. Amma hesabat qəbul edilmədi və çox təəssüf ki, erməni militarizmi qarşısında bir növ, qapılar açıldı. Etnik təmizləmə isə Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində aparılıb.
Hazırda Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə bir azərbaycanlı da yaşamır, o cümlədən Ermənistanda da. Amma bizdə indi də 30 mindən çox erməni yaşayır və bütün bu provokasiyaların yalnız bir məqsədi var, bu da azərbaycanlılarla ermənilər arasındakı uyğunsuzluğu göstərməkdir. Amma belə deyil, biz hər zaman sülh tərəfdarı olmuşuq və mən təklif edirəm ki, azərbaycanlı, erməni həmkarlarımız bir yerdə masa arxasında otursunlar, o cümlədən Dağlıq Qarabağda yaşayan erməniləri və Dağlıq Qarabağdan qovduqları azərbaycanlıları da burada, Avropa Şurasında hamımız bir araya gətirib, qanlı münaqişədən sülh çıxış yolunu tapaq”.