Xocalı soyqırımı qurbanları Strasburqda anılmışdır
Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyinin dəstəyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə 16 fevral 2016-cı il tarixində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Strasburq şəhərində yerləşən “Odissey” (“L’Odyssée”) kinoteatrında litvalı rejissor Andreas Brokasın “Sonu görünməyən dəhliz” (“Endless Corridor”) sənədli filminin nümayişi keçirilmişdir. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilmişdir.
Əvvəlcə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin direktoru Eliza Pieter bildirmişdir ki, təmsil etdiyi cəmiyyət Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlanmış “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil edilən bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. Bu kampaniyanın qısa zaman kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstək olacaqdır. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunmuşdur.
Eliza Pieter vurğulamışdır ki, bu günün faciələri bizə dünənin faciələrini unutdurmamalıdır. Bu gün yaranan milyonlarla qaçqın ordusu da bizə 20 ildən artıq öz torpaqlarına qayıdışını səbirsizliklə gözləyən bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin faciəsini unutdurmamalıdır.
Daha sonra çıxış edən Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi, səfir Emin Eyyubov Xocalı soyqırımı barədə məlumat vermiş, onun insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, bu gün Xocalı şəhəri mövcud deyildir, lakin soyqırımı qurbanlarının xatirəsi bizim yaddaşımızdadır. Biz bu soyqırımı ilə bağlı cəzasızlıq və ədalətsizliyə son qoyulmasını, bu cür faciələrin bir daha təkrarlanmamasını istəyirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasının önəmini, onun beynəlxalq aləmdə güclü dəstək qazandığını, bunun sayəsində Xocalı soyqırımını tanıyan və pisləyən ölkələrin sayının artmaqda olduğunu diqqətə çatdıran Daimi nümayəndə bildirmişdir ki, Azərbaycan hökuməti tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Xocalıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılmışdır. Sonda o, “Sonu görünməyən dəhliz” filminin mərasim iştirakçılarına bu soyqırımın reallıqlarını daha yaxşı çatdıracağına ümidvar olduğunu bildirmişdir.
Sözügedən filmin təqdimatından sonra “Pandora” simli kvartetinin ifasında fransız bəstəkarı Pyer Tiluanın (Pierre Thilloy) Xocalı soyqırımının qurbanlarına həsr etdiyi "Xocalı 613" əsəri səsləndirilmişdir.
Anım mərasiminin sonunda o faciəli hadisələrin canlı şahidi olan litvalı jurnalist Riçard Lapaitis də çıxış etmiş və ona ünvanlanan suallara cavab vermişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər, o cümlədən 83 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. Qətliam nəticəsində 8 ailə tamamilə yer üzündən silinmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Həmin dəhşətli hadisədə 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür.