2015-02-18

Strasburqda Xocalıya anım konserti təşkil edilib

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı Strasburqda Xocalıya anım konserti təşkil edilib.

Strasburqun “Motsart” tədbirlər salonunda təşkil olunmuş və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu, hazırda bütün dünyada müvəffəqiyyətlə reallaşdırılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən bu tədbirdə diplomatik korpusun, Strasburqun akademik dairələrinin, yerli ictimaiyyətin və diasporumuzun təmsilçiləri iştirak ediblər. Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Emin Eyyubov tədbirdə çıxış etdi. O, Ermənistan tərəfindən 1992-ci ildə Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş bu ümumbəşəri cinayət haqqında məlumat verdi. Bildirdi ki, Xocalıda erməni ordusu 613 azərbaycanlını amansızcasına, xüsusi qəddarlıqla kütləvi surətdə qətl edib. Xocalının günahsız mülki vətəndaşları olan bu öldürülənlər arasında qadınlar, qocalar və uşaqlar da var. Səfir Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası barədə də danışdı. Dedi ki, bu kampaniya sayəsində indi dünya ictimaiyyəti Xocalıda Ermənistanın törətdiyi bu dəhşətli ümumbəşəri cinayət haqqında müfəssəl şəkildə məlumatlandırılmaqdadır. Tədbirin təşkilatçılarından olan Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Mari-Letisiya Qurdən (Marie-Laetitia Gourdin) də mərasimdə çıxış etdi. O, Xocalı qətliamının tarixi haqqında iştirakçılara geniş məlumat verdi. Bildirdi ki, azərbaycanlıların qədim yurdu Qarabağın şəhərlərindən biri olan Xocalı Ermənistan ordusu tərəfindən 1992-ci ildə dağıdılıb və şəhərin əhalisinə qarşı bu qətliam törədilib. Mari-Letisiya Qurdən Fransada ikinci dünya müharibəsi zamanı alman faşistləri tərəfindən törədilmiş analoji hadisələrdən də bəhs etdi. Xanım Qurdən də "Xocalıya ədalət" kampaniyası haqqında və Avropa Azərbaycan Cəmiyyətinin bu kampaniya çərçivəsində Avropa ölkələrində keçirdiyi tədbirlər barədə danışdı.

Tədbir soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin yer aldığı  bədii proqramla davam etdirilib.

Arxiv üzrə axtarış