Daimi Nümayəndəlik
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi Azərbaycan Respublikası Hökuməti ilə Avropa Şurası arasında birbaşa əlaqələndirməyə məsul diplomatik xidmət orqanıdır.
Daimi nümayəndəlik Avropa Şurası Nazirlər Komitəsinin həftəlik iclaslarında, habelə digər müvafiq iclaslarda iştirak etməklə təşkilatın idarə edilməsində və onun qərarlarının hazırlanmasında iştirak edir.
Daimi nümayəndəlik təşkilatın katibliyi ilə sıx işgüzar əlaqələr saxlayır və qərarların qəbulu prosesində iştirak edən bütün tərəflərlə, xüsusən digər üzv dövlətlərlə dialoq aparır.
Daimi nümayəndəlik texniki səviyyədə təşkilatın işinə cəlb olunmuş Azərbaycan ekspertləri ilə əlaqələr saxlamaqla hökumətlərarası əməkdaşlığa təkan verir.
Daimi nümayəndəlik İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ona verdiyi səlahiyyətlər çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarətdə iştirak edir. Lakin o, Azərbaycanla bağlı Avropa Məhkəməsi qarşısındakı məhkəmə işləri ilə birbaşa məşğul olmur. Avropa Məhkəməsindəki prosesləri Hökumətin Məhkəmə yanında səlahiyyətli nümayəndəsi (Agent) izləyir.
Daimi nümayəndəlik Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti, eləcə də Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti ilə müntəzəm əlaqələr saxlayır.