2016-03-30
Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il mart soyqırımı arxiv sənədlərində

Zəngin arxiv materiallarına əsaslanan tədqiqatlar birmənalı şəkildə sübut edir ki, Birinci Dünya müharibəsinin gedişində bütün Azərbaycan torpaqlarında, o cümlədən Cənubi Azərbaycanda, həmçinin Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımları həyata keçirilib.

Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər.

Daşnaksütyun partiyası Bakı komitəsinin üzvü, bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. Soyqırımları 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali xüsusi qəddarlıqla qətlə yetirilib.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovun 1918-ci ilin mart qırğınları barədə qeydlərini təqdim edir.

1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarı” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxlu sayda yeni faktlar aşkarlanıb.

2009-cu ilin yanvarında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı “26-lar”a məxsus məzarlar şəhər qəbiristanlığına köçürüləndə həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları aşkarlandıqdan dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradılıb və elmi araşdırmalara başlanılıb.

Elmi axtarışlar zamanı ölkəmizin arxivlərində saxlanılan və uzun zaman xalqdan gizlədilmiş sənədlərlə yanaşı, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli və dünyanın digər tədqiqat mərkəzlərindən gətirilən xeyli arxiv sənədi də tədqiqata cəlb olunub. Həmin sənədlər üzərində aparılan elmi-tədqiqat işlərinin nəticələri təsdiqləyir ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi (Bakı Soveti, sonralar Bakı Xalq Komissarları Soveti) qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. On minlərlə dinc, silahsız türk-müsəlman əhali Azərbaycan türkləri, ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə bilavasitə Bakı Sovetinin sədri və Qafqaz İşləri üzrə Fövqəladə komissar S.Şaumyan göstəriş verib, bu dəhşətli cinayəti təşkil edib və ona başçılıq edib.

Yeni aşkarlanan arxiv sənədləri sübut edir ki, sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən S.Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. O, “Daşnaksütyun” partiyasının Bakı Komitəsinin üzvü idi.

Göründüyü kimi, üzdə bolşevik olan S.Şaumyan “Daşnaksütyun” partiyasının rəhbərlərindən biri olub. Həmçinin, arxiv sənədində qeyd edildiyi kimi, Şaumyan hələ 1910-cu ildə daşnak partiyası üzvlərinin Bakıya toplanmasına və burada işə düzəldilməsinə yaxından kömək göstərib.

1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı törətməsini Şaumyan hələ o zaman özü etiraf edib. 1918-ci il mart soyqırımından sonra o, Sovet Rusiyası hökumətinə hesabat verərək qeyd edib ki, Bakı Sovetinin hərbi qüvvələrinə daşnak partiyasının dörd minlik hərbi hissələri cəlb edilib və bu amil milli qırğına gətirib çıxarıb. Şaumyan daha sonra yazırdı: “Biz buna şüurlu şəkildə getdik”, çünki azərbaycanlı siyasi qüvvələr “Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər”. Beləliklə, əslində Şaumyanın təkcə bu etirafı 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş daşnak quldurlarının son məqsədlərinin nədən ibarət olduğunu çox aydın sübut edir.

Bakıda olduğu kimi, Azərbaycanın digər bölgələrində də soyqırımılar məhz Şaumyanın şəxsi göstərişi ilə həyata keçirilib. Məsələn, Şamaxıda azərbaycanlılara divan tutmuş Stepan Lalayan (Lalayev) və Tatevos Əmiryan (Əmirov) bilavasitə Şaumyanın tapşırığını həyata keçiriblər. Qubada soyqırımı həyata keçirmiş daşnak cəlladı Hamazasp da bilavasitə Şaumyanın göstərişinə əməl edib.

Aparılan tədqiqatlar onu da sübut edir ki, Bakı Sovetinin rəhbərliyi Azərbaycanın qərb bölgələrində soyqırımı həyata keçirən erməni quldur dəstələri ilə, o cümlədən S.Şaumyanın “xalq qəhrəmanı” adlandırdığı Androniklə sıx əlaqə saxlayırdı. Başqa sözlə, Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.

Beləliklə, Sovet tarixşünaslığında bolşevik hakimiyyəti orqanı kimi qələmə verilən Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.

Bütün bunlarla yanaşı, belə bir fakt da nəzərdən qaçırılmamalıdır ki, V.İ.Lenin tərəfindən Qafqaz İşləri üzrə fövqəladə komissar təyin edilən S.Şaumyana, eyni zamanda, Rusiya Xalq Komissarları Sovetinin 1917-ci il 29 dekabr (1918-ci il 11 yanvar) tarixli dekreti ilə Rusiya tərəfindən işğal olunmuş Şərqi Anadoluda (“Türkiyə Ermənistanında”) “erməni xalq milisi” və “müstəqil erməni dövləti” yaratmaq vəzifəsi də həvalə edilmişdi. Daşnaklar o zaman böyük dövlətlərin, o cümlədən bolşevik Rusiyasının köməyinə arxalanır, Şərqi Anadolunun və Azərbaycanın türk-müsəlman əhalisini kütləvi məhv edərək “Böyük Ermənistan” yaratmağa çalışırdılar. “Daşnaksütyun” partiyasının rəhbərlərindən biri olan S.Şaumyan Bakıda hakimiyyəti ələ keçirdikdən sonra bu bədnam siyasətin həyata keçirilməsində ən real və ən fəal siyasi fiqura çevrilmişdi. Terrorçu və millətçi erməni təşkilatlarının ən ekstremist radikal üzvləri onun ətrafında cəmləşmişdilər. S.Şaumyan və onun öz ətrafına topladığı daşnak qatillərinin əsas məqsədi Azərbaycanın milli-siyasi qüvvələrinin sosial bazası olan türk-müsəlman əhalini tamamilə qırıb bütün Azərbaycanı və Şərqi Anadolunu ələ keçirərək “Böyük Ermənistan” yaratmaq məqamını yetişdirməkdən ibarət idi.

S.Şaumyanın öz ətrafına topladığı və onun başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırımı cinayətini həyata keçirən qatillər kimlər idi?

S.Şaumyanın soyqırımı ilə bağlı göstərişlərini yerinə yetirən ən qəddar terrorçu qatillərdən biri Tatevos Əmiryan (Əmirov) idi. Sovet hakimiyyəti illərində Azərbaycan xalqına yalandan “26 Bakı Komissarı”ndan biri kimi təqdim olunan Tatevos Əmiryan “təcrübəli” terrorçu və daşnak cəlladı idi. O, mənsub olduğu “Daşnaksütyun” partiyasına maliyyə vəsaiti “qazandırmaq” məqsədilə Bakıda oğurluqla, mənzillər yarmaqla, varlı azərbaycanlıların uşaqlarını girov götürüb külli miqdarda pul qoparmaqla məşğul olan oğru-quldur dəstəsinə başçılıq edib. T.Əmiryan təkcə Bakıda deyil, hətta Kiyev şəhərində də bu cür oğurluq əməliyyatlarının əsas təşkilatçısı olub. Yeri gəlmişkən, “Daşnaksütyun” partiyası osmanlı sultanı II Əbdülhəmidə sui-qəsd təşkil etməyi də məhz T.Əmiryana etibar etmişdi. Bu terror əməliyyatı baş tutmadıqda yenidən Bakıya qaçan Əmiryan oğurluq və quldurluq əməllərini davam etdirib. O, 1918-ci ilin əvvəllərində, yaxınlaşan soyqırımında azərbaycanlılara divan tutmaq məqsədilə, qardaşları Aleksandr və Armenak Əmiryanla birlikdə daşnak süvarilərindən ibarət silahlı dəstə yaradıb. S.Şaumyan “Daşnaksütyun” partiyası qarşısındakı bütün bu “xidmətlərini” nəzərə alaraq T.Əmiryanı və onun süvari dəstəsini Azərbaycan xalqına qarşı soyqırımı əməliyyatına cəlb edib. Şaumyanın göstərişi ilə hərəkət edən, T.Əmiryanın başçılıq etdiyi daşnak süvariləri Bakıda və Şamaxıda dinc azərbaycanlı əhalinin kütləvi məhv edilməsində xüsusi amansızlıq göstərib. T.Əmiryan qardaşları Aleksandr, Armenak və Arsenlə birlikdə 1918-ci ildə dinc azərbaycanlı əhalini kütləvi məhv etmiş qatillərdir.

Stepan Şaumyanın tapşırıqlarını yerinə yetirən ən qəddar soyqırımı qatillərindən biri də Stepan Lalayan (Lalayev) idi. O, Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin həyata keçirilməsində xüsusi amansızlığı ilə seçilirdi. Şaumyanın göstərişi ilə hərəkət edən daşnak cəlladı S.Lalayan T.Əmiryanla birlikdə 1918-ci ilin mart-aprel aylarında Bakıda və Şamaxıda dinc türk-müsəlman əhaliyə dəhşətli divan tutub. S.Lalayanın “cəza dəstələri” Şamaxının bütün məscidlərini, tarixi abidələrini yerlə-yeksan edib, şəhərin məşhur Cümə məscidini buraya sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırıb.

1918-ci ilin mart-aprel soyqırımlarından çox keçməmiş bu qanlı qırğınları “Vətəndaş müharibəsi” kimi qələmə verənlərə son dərəcə kəskin reaksiya verən N.Nərimanov yazırdı: “Erməni silahlı quldur dəstələrinin müsəlman əhalini vəhşicəsinə məhv etməsini kim vətəndaş müharibəsi adlandıra bilər? Kim deyə bilər ki, erməni silahlı dəstələri Bakıda vətəndaş müharibəsi aparmışlar? ... Tutaq ki, Bakıdakı mart hadisələri vətəndaş müharibəsi idi. Onda bəs bundan sonra Əmirov və Styopa Lalayevin başçılıq etdikləri daşnakların Şamaxıda törətdikləri vəhşilikləri necə adlandıraq?”

Vicdansız və lənətə gəlmiş Lalayevin Şamaxıda müsəlman qadınlarını və uşaqlarını məscidə topladaraq əvvəlcə öz dəstəsinə göstəriş verib onların namusunu tapdalatmasını və sonra da məscidi içərisindəki insanlarla birlikdə od vurub yandırmasını vətəndaş müharibəsi adlandırmaq olarmı?

Şamaxı soyqırımları zamanı şəhərin 40 minlik əhalisinin qaçıb canını qurtara bilməyən hissəsi (o cümlədən tanınmış ziyalılar, ictimai xadimlər, Rusiya Dövlət Dumasının üzvü Məhəmməd Tağı Əliyev və başqaları) ucdantutma məhv edilib. Şamaxının dağıdılıb xarabazara çevrilmiş 58 kəndində 7 mindən çox dinc sakin (o cümlədən 1653 qadın, 965 uşaq) qətlə yetirilib.

Bütün bu amansızlıqları ört-basdır etmək üçün, 1918-ci il aprelin 22-də Bakı Sovetinin İcraiyyə Komitəsi Şamaxı qəzasındakı vəziyyət haqqında qətnamə qəbul edib. Bu qətnaməyə əsasən Şamaxıda yoxlamalar aparmaq üçün bolşevik Kocemyakonun rəhbərliyi altında təhqiqat komissiyası yaradılıb. Yoxlama nəticəsində kütləvi soyqırımı törətdiyinə görə Stepan Lalayan həbs edilsə də, çox keçmədən Şaumyanın şəxsi göstərişi ilə azad olunub. Bundan 34 gün sonra isə Bakı Soveti İcraiyyə Komitəsinin Şamaxı qırğını ilə bağlı yaratdığı təhqiqat komissiyası da ləğv edilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci ildə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar sübut edir ki, Lalayan 1918-ci ilin mart-aprel aylarında Bakı və Şamaxı şəhərlərində erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlara başçılıq edən ən azğın qatillərdən biri olub.

Stepan Şaumyanın Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmək üçün cəlb etdiyi ən azğın və qaniçən daşnak cəlladlarından biri də Hamazasp Srvantsyan idi. İlk terrorçuluq təcrübəsinə Türkiyənin Van bölgəsində başlayan Hamazasp 1905-ci ildə öz fəaliyyət mərkəzini Qarabağa köçürmüş, burada beşikdəki körpələrə qədər dinc azərbaycanlı əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmaqda ad çıxarmışdı. Qarabağın dinc azərbaycanlı əhalisini məhv edərkən göstərdiyi “igidliklərə” görə “Daşnaksütyun” partiyası ona “general” rütbəsi vermişdi.

Bu daşnak cəlladının vəhşiliklərinə dözməyən çar hökuməti onu 1908-ci ildə Sibirə sürgün edib. Sürgündən qaçan Hamazasp yenidən Şərqi Anadoluya gəlib və burada silahlı dəstə yaradaraq Rusiya ordusunun tərkibində dinc türk-müsəlman əhaliyə qarşı soyqırımlarına başlayıb.

Rus ordusu Şərqi Anadoludan geri çəkilərkən S.Şaumyanın dəvəti ilə Bakıya gələn Hamazasp burada Azərbaycan xalqına divan tutmaq məqsədilə erməni silahlı birləşmələri yaradıb. S.Şaumyan 1918-ci ilin 31 mart soyqırımında Hamazaspın silahlı birləşmələrindən geniş istifadə edib.

Bakı qırğınlarını başa çatdırdıqdan sonra S.Şaumyan Hamazaspın yalnız daşnaklardan ibarət olan silahlı birləşmələrini Qubaya göndərib. Qarabağda və Bakıda Azərbaycan xalqına divan tutmaqda “zəngin təcrübə” qazanmış bu daşnak cəlladı Qubanın dinc sakinlərinə də dəhşətli divan tutub. Quba qırğınları zamanı Hamazasp etdiyi vəhşiliklərdən lovğalanaraq açıq etiraf edib: “Mən erməni xalqının qəhrəmanıyam və onun mənafeyinin müdafiəçisiyəm… Mənə dəniz (Xəzər dənizi) sahillərindən Şahdağına qədər bütün müsəlmanları məhv etmək və sizin yaşadığınız yerləri, Şirvanda olduğu kimi, yerlə-yeksan etmək əmri verilib…”.

Bütün bu “xidmətləri” nəzərə alınaraq Hamazasp Quba qırğınlarından sonra Bakıda yaradılmış erməni-daşnak silahlılarından ibarət briqadanın komandiri təyin olunub. Həmin briqadanın komissarı vəzifəsi isə digər soyqırımı cəlladı (sonralar Sovet dövlətinin rəhbərlərindən biri) Anastas Mikoyana etibar edilib. Lakin Şamaxı yaxınlığında Azərbaycan-Türkiyə hərbi qüvvələri ilə qarşılaşarkən açıq döyüşə girməyə cəsarət etməyən “erməni xalqının qəhrəmanı” Hamazasp komandiri olduğu briqadanı döyüş meydanında qoyaraq Bakıya qaçıb. Azərbaycan-Türkiyə qoşunları Bakıya yaxınlaşarkən Hamazasp növbəti dəfə qaçıb yaxasını qurtarıb. Lakin bu dəfə o, Lənkəranda peyda olub və burada da silahsız dinc əhalini qırmaqda yeni “igidliklər” göstərib. Şaumyanın ən yaxın silahdaşlarından olan Hamazasp Lənkərandan İrana qaçıb, oradan da Ermənistana keçib. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra həbs olunan Hamazaspın tərcümeyi-halı layiqli sonluqla başa çatıb. O, həbsxanada məhbuslardan biri tərəfindən baltalanıb.

S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhunun ən fəal üzvlərindən biri də Qriqori Korqanov (Korqanyan) idi. Bakı Sovetinin qərarı ilə Hamazaspın başçılığı altında yaradılan qoşunun təşkili Qriqori Korqanova tapşırılmışdı. Bu erməni qatili 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinin soyqırımında fəal iştirak edən “təşkilatçılardan” biri idi.

Bolşevik Qafqaz Ordusunun Hərbi İnqilab Komitəsinin sədri olan Korqanov Bakı Sovetinin qoşun hissələrinin (qırmızı qvardiya, qızıl ordu, Xəzər hərbi donanması) yaradılmasında fəal iştirak edib.

Azərbaycanlılara divan tutan bolşevik drujinaları, qırmızı qvardiya və daşnak dəstələri arasında əlaqəni Korqanov özü şəxsən həyata keçirirdi. Şaumyanın göstərişi və Korqanovun əmri ilə Lənkərana və Şamaxıya göndərilmiş “cəza dəstələri” on minlərlə dinc azərbaycanlı əhalini məhv edib. Məhz Korqanovun əmrinə əsasən Hamazaspın komandanlığı altında 2 minlik “cəza dəstəsi” Qubaya göndərilərək azərbaycanlılara qarşı soyqırımının növbəti mərhələsini həyata keçirib. Şaumyandan şəxsən göstəriş alan Korqanov Hamazaspın dəstəsinin yalnız daşnak partiyasının üzvlərindən təşkil olunması, onların pulemyot və toplarla təchiz edilməsi barədə tapşırıq verib. Quba qırğınının iştirakçılarından biri Serqo Martikyan Korqanova teleqramında çox böyük coşqu ilə onun tapşırığına əməl olunduğu və Qubanın onların dəstəsi tərəfindən ələ keçirildiyi barədə məlumat verirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra sovet-daşnak qoşunlarının Gəncə istiqamətində hücuma keçməsi əmrini də 1918-ci il iyunun 6pda artıq bu zaman Bakı Xalq Komissarları Sovetinin hərbi və dəniz işləri komissarı olan Korqanov verib. Onun tabeliyindəki zabitlərin hamısı erməni idi (qərargah rəisi Avetisov, korpus komandiri Kazarov, 3-cü briqadanın komandiri Hamazasp, həmin briqadanın komissarı Mikoyan və başqaları). Məhz Korqanovun əmri ilə 1918-ci il iyulun 1-də Göyçay bombardman edilib, Bakı və Şamaxı soyqırımlarının əsas qatillərindən biri olan T.Əmirovun quldur dəstəsi isə şəhərin əhalisinə divan tutub.

Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin başında duran S.Şaumyanın ən yaxın silahdaşlarından biri də Anastas Mikoyan idi. 1918-ci ildə azərbaycanlıların soyqırımında fəal iştirak edən A.Mikoyan da “təcrübəli” soyqırımı cəlladı və təşkilatçısı idi. Rəsmi sovet sənədlərində göstərilir ki, Mikoyan guya 1915-ci ildən kommunist partiyasının üzvü olub. Lakin Mikoyanın məhz bu dövrdə daşnak partiyasının üzvü olması kifayət qədər yüksək vəzifəli sovet rəsmi dairələri tərəfindən təsdiqlənib. Belə ki, Mikoyanın 1917-ci ildə daşnak partiyasının üzvü olması barədə L.Trotskinin və N.Nərimanovun fikirləri var.

Digər tərəfdən, Mikoyanın öz xatirələrindən də məlum olur ki, o, Birinci Dünya müharibəsinin, demək olar ki, ilk günlərindən (1914-ci ilin noyabrından) erməni cəlladı Andranikin könüllülərdən ibarət dəstəsinin tərkibində Şərqi Anadoluda dinc əhaliyə qarşı soyqırımlarında və Osmanlı ordusuna qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. O, bu əməliyyatlar zamanı yaralanıb və müalicədən sonra 1917-ci ildə Bakıya gəlib. Burada o, Stepan Şaumyanla tanış olub. “Daşnaksütyun” partiyasının üzvü olan Mikoyanın bolşeviklərə qoşulması məhz bundan sonrakı dövrə aid edilə bilər.

Aşkarlanmış yeni arxiv sənədlərindən məlum olur ki, Mikoyan 1918-ci ilin yazında erməni cəlladı Hamazaspın üçüncü daşnak hərbi briqadasının tərkibində Bakıda və Şamaxıda dinc azərbaycanlı əhaliyə divan tutulmasında fəal iştirak edib. O, Hamazaspın erməni-daşnak hərbi briqadasının komissarı idi. Bu barədə Mikoyanın öz xatirələrində və digər mənbələrdə məlumat verilir.

Beləliklə, digər daşnak cəlladları kimi A.Mikoyan da Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımında fəal iştirak etmiş cinayətkarlardan biridir.

Bir həqiqət gün kimi aydındır: “26-lar” barədə bütün müəmmaların da, tarixi həqiqətlərin izini itirmək məqsədilə qəsdən uydurulmuş dolaşıqların da müəllifi məhz soyqırımı canilərindən biri olan A.Mikoyanın özüdür. O, bütün ömrü boyu “26 Bakı komissarı” ilə bağlı həqiqətin açılacağından və bununla onun özünün də ifşa olunacağından narahatlıq keçirib, dolaşıq və yalan məlumatlarla daim “26-lar” kələfinin ucunu itirməyə çalışıb. Azərbaycan xalqına və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı soyqırımı cəlladlarından olan A.Mikoyanın Sovet hakimiyyətinin rəhbərlərindən biri səviyyəsinə “yüksəlməsi” bolşevik rejiminin də iç üzünü açıb göstərir.

Xalqımıza qarşı soyqırımının təşkil olunmasında və həyata keçirilməsində S.Şaumyanın ən yaxın əlaltılarından olan Baqdasar Avakyan da fəal iştirak edib.

1918-ci ilin mart soyqırımı ərəfəsində B.Avakyan Korqanovun rəhbərlik etdiyi Hərbi İnqilab Komitəsi ətrafında birləşməyə başlayan bütün ermənilərə, ictimai vəziyyətləri və vəzifələrindən asılı olmayaraq, kütləvi surətdə silah və patron paylayıb. 1918-ci il aprelin əvvəlində Bakı və onun rayonlarının komendantı təyin edilən Avakyan azərbaycanlılara qarşı soyqırımı siyasətinin yürüdülməsində və praktik olaraq həyata keçirilməsində fəal rol oynayan əsas fiqurlardan birinə çevrilmişdi.

1918-ci ildə Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə S.Şaumyanla birlikdə rəhbərlik edənlərdən biri də Prokofiy (Alyoşa) Caparidze idi.

P.Caparidze 1917-ci ilin dekabrından 1918-ci ilin aprelinədək Azərbaycan xalqına qarşı soyqırımını həyata keçirən Bakı Soveti sədri Stepan Şaumyanın müavini və Bakı Soveti İcraiyyə Komitəsinin sədri olub, 1918-ci il aprelin 25-də isə Bakı Sovetinin daxili işlər komissarı vəzifəsinə təyin edilib. Caparidze, həmçinin, 1918-ci il martın 30-da yaradılan və Azərbaycan xalqına qarşı soyqırımını bilavasitə təşkil edən İnqilabi Müdafiə Komitəsinin üzvi idi. Bütün bu faktlar onun azərbaycanlılara qarşı kütləvi qırğınların ən fəal təşkilatçılarından və iştirakçılarından biri olduğunu sübut edir.

Təsadüfi deyil ki, Nəriman Nərimanov “Hümmət” qəzetinin 1918-ci il 3 aprel tarixli sayında məhz Şaumyan və Caparidzeyə aşağıdakı məzmunda məktubla müraciət etmişdi: “Əgər siz yaxın zamanlarda bu hadisələrin üzərindən qara pərdəni götürməsəniz, bolşevik məfkurəsi və Sovet hakimiyyəti burada davam gətirə bilməyəcək”. N.Nərimanov 1919-cu ilin fevralında çap olunmuş “Qafqazın işğalına bir baxış” adlı məqaləsində vaxtı ilə Şaumyan və Caparidzeyə müraciət etdiyini yenidən xatırladır və qeyd edirdi ki, onun məqsədi həmin şəxslərdən “mart hadisələrinin Sovet hakimiyyətinin istəyinə zidd olaraq” baş verməsi barəsində sübutlar almaqdan ibarət olub. N.Nərimanov sözünə davam edərək yazırdı: “Lakin təəssüflər olsun ki, mənim sözlərimə fikir verən olmadı”.

Caparidzenin Azərbaycan xalqına qarşı soyqırımının fəal təşkilatçılarından biri olduğunu sübut edən daha bir fakt: Mart soyqırımının fəal iştirakçısı olan “bolşevik” N.Əsriyants öz xatirələrində yazır: “1918-ci ilin fevralında T.Əmirov bizi yığıb dedi ki, biz Şaumyan və Caparidzenin tapşırığını yerinə yetirməliyik. Şaumyan əvvəlcədən bizi xəbərdar etdi ki, gecə saat birdə siqnal olacaq. Bu xəbərdarlıq siqnalı alınan kimi biz “Müsavat”ın qərargahına hücum edib onu ələ keçirməli idik. Biz belə də etdik”.

Məlumdur ki, “Müsavat” partiyasının liderləri soyqırımının davam etdirilməsinin qarşısını almaq üçün İnqilabi Müdafiə Komitəsinin ultimatumunu qəbul etmək qərarına gələrək bu barədə danışıqlar aparmaq üçün martın 31-də Bakı Soveti İcraiyyə Komitəsinin qərargahına getmişdilər. Onlar bu zaman Bakı Soveti İcraiyyə Komitəsinin sədri olan Caparidze ilə danışıqlar aparmışdılar. Lakin azərbaycanlı liderlərin İnqilabi Müdafiə Komitəsinin ultimatumunu qəbul etmələrinə baxmayaraq, Caparidze ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Əksinə, danışıqlardan qayıdan Müsəlman komitəsinin üç üzvü yolda daşnaklar tərəfindən güllələndi. Bu faktın özü də P.Caparidzenin soyqırımı canisi olduğunu çox aydın sübut edir.

Martın 31də danışıqları müxtəlif bəhanələrlə pozan və qırğını davam etdirən İnqilabi Müdafiə Komitəsi gözdən pərdə asmaq məqsədilə aprelin 1də yenidən ultimatumla çıxış etdi. Bu, alçaqcasına düşünülmüş riyakarlıq faktı idi. “Bakı Sovetinin hakimiyyətini tanımaq barədə tələb gündüz saat 3ə kimi qəbul edilməsə, müharibənin davam etdiriləcəyi” bildirilən bu riyakar ultimatum da məhz Caparidze tərəfindən səsləndirilmişdi. Yenidən başlanmış danışıqlarda müsavatçı Əbdül Kazımzadə bəyan edirdi ki, baş vermiş faciəli hadisələrə görə sovet qoşunları və daşnak hərbi qüvvələri məsuliyyət daşıyırlar.

Yeri gəlmişkən, hətta azərbaycanlı liderlərin ultimatumu qəbul etməsindən sonra da Caparidze aprelin 2-də Şaumyana yazırdı ki, Daşkənddən və Şimaldan bizə kömək gəlir, “müsəlmanları sakitləşdirmək üçün” onlara muxtariyyət veriləcəyini vəd eləmək olar. Yəni taktika bundan ibarət idi: daşnak-bolşevik quldurlarına göndərilən köməyin gəlməsinə qədər müsəlmanların başının altına yastıq qoymaq, sonra isə divanı tutmaq! Elə bu zaman, artıq baş vermiş soyqırımına inqilabi don geyindirmək üçün Məşədi Əzizbəyov Bakı şəhərini tərk etmiş müsəlmanların yaşadığı ərazinin “komissarı” təyin edilib. Bunun özü də növbəti bir riyakarlıq addımı idi. Bununla da, azərbaycanlılara qarşı soyqırımı cəlladlarının sırasına bir azərbaycanlı familiyası da əlavə olunub və o zamankı “beynəlmiləlçilik ənənələrinə” uyğun olaraq, “azərbaycanlı xalq komissarı” adına məhz Əzizbəyov “layiq görülüb”.

Arxiv sənədləri daha dərindən araşdırıldıqca aydın olur ki, soyqırımı cinayətkarlarının “26 Bakı komissarı”nın tarixi keçmişi qəsdən və xüsusi məqsədlərlə təhrif olunmuşdu. Azərbaycan xalqına uydurmalarla, qəsdən dolaşdırılmış məsələlərlə dolu olan saxta bir tarix təqdim edilmişdi.

Sovet dövründə tarixi saxtalaşdıranlar xalqa bildirməmişlər ki, nə səbəbə Stepan Şaumyanın ən yaxın silahdaşlarından biri və onunla birlikdə Krasnovodsk məhbəsində bir kamerada yatan A.Mikoyan “26-lar”ın sırasında güllələnməmiş, azadlığa çıxmışdı? Ən müəmmalı məsələ də elə budur. Fikrimizcə, “26-lar kələfinin” ucunu da bu dolaşıq məqamda axtarmaq lazımdır. Bütün dolaşıqlar məhz bu məqamdan başlanır!

Sovet dövrü “tədqiqatçıları” Azərbaycan xalqını aldadaraq soyqırımı cəlladı Stepan Şaumyanı həm “mərd mübariz” kimi qələmə vermiş, həm də onun guya “26-lar” sırasında güllələnməsi barədə saxta mif yaratmışlar. Bakı şəhərinin Sahil bağındakı “26-lar”a aid məzarlar şəhər qəbiristanlığına köçürülərkən bu saxtakarlığın üstü açıldı. Məzarlıqdan 26 deyil, 23 cəsədin qalığı aşkar olundu. İlkin məhkəmə-tibbi ekspertizasının nəticəsi sübut etdi ki, yaş həddinə görə cəsədi aşkar olunmayan üç nəfərdən biri məhz Stepan Şaumyandır. Bu baxımdan bəzi arxiv sənədləri də xüsusi maraq doğurur. Məsələn, “26-lar”ın güllələnməsi ərəfəsində “Şaumyan və digər hərbi əsirlərin müttəfiqlər missiyasının üzvləri ilə dəyişdirilməsinə” cəhd göstərilməsini arxiv sənədləri də təsdiqləyir. Yeri gəlmişkən, müəyyən məlumatlara görə, bu “dəyişdirmə” əməliyyatının ideya müəllifi də məhz Şaumyanın özü olub.

Arxiv araşdırmaları zamanı S.Şaumyanla bağlı aşkarlanmış bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə sübut edir ki, A.Mikoyan kimi, S.Şaumyan da “26-lar” sırasında güllələnməyib. Həmin sənəddən məlum olur ki, “26 Bakı komissarı”nın güllələnməsindən (20 sentyabr 1918-ci il) sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində S.Şaumyana Krasnovodsk həbsxanasında qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında S.Şaumyandan sonra adı göstərilən ikinci məhbus A.Mikoyandır. Fikrimizcə, bu, bütün saxtakarlıqların üstünü açan çox ciddi sənəddir. Apardığımız son araşdırmalar da Azərbaycan xalqına qarşı soyqırımı cəlladı S.Şaumyanın “26-lar” sırasında güllələnmədiyini və Hindistanda yaşadığını təsdiqləyib.

Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Bu soyqırımları olduqca geniş coğrafi ərazini şimallı-cənublu bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib.

1914-1918-ci il soyqırımları yalnız türk-müsəlman əhaliyə qarşı yönəlməklə milli-dini əlamətə görə bütöv xalqların Azərbaycan və Anadolu türklərinin, ləzgilərin, tatarların, talışların, avarların, kürdlərin və digər türk-müsəlman etnoslarının bütünlüklə məhv edilməsinə və böyük bir coğrafi ərazinin öz qanuni aborigen əhalisindən “təmizlənməsinə” yönəlib. Məqsəd boşaldılmış ərazidə “böyük Ermənistan” dövləti yaratmaq idi.

Dünya tarixində 1914-1918-ci illərdə ermənilərin törətdikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heysiyyəti alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktına təsadüf olunmur.

Azərbaycanın bütün bölgələrini Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Gəncə, Zəngəzur, Naxçıvan, İrəvan və başqa torpaqlarımızı əhatə edən soyqırımları qabaqcadan düşünülmüş dövlət siyasəti ilə planlı surətdə həyata keçirilib. Bu dövlət soyqırımı cinayətləri Bakıda hakimiyyəti ələ keçirmiş daşnak-bolşevik hakimiyyəti və Ararat-Ermənistan Respublikası tərəfindən silahlı ordu birləşmələrinin gücü ilə reallaşdırılıb.

AMEA-nın Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və Azərbaycan tarixçiləri bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər.

1914-1918-ci illərdə Azərbaycanda və Şərqi Anadoluda həyata keçirilmiş soyqırımı cinayətləri, alimlərlə yanaşı, böyük dövlətlərin siyasi dairələrinə də yaxşı məlumdur. Çünki S.Şaumyanın başçılığı ilə Bakıda və Bakı quberniyasında həyata keçirilən soyqırımları, Ararat-Ermənistan Respublikası silahlı qüvvələrinin törətdiyi kütləvi soyqırımı vəhşilikləri bilavasitə böyük dövlətlərin hərtərəfli köməyi ilə həyata keçirilib. Bu dəhşətli cinayətlər üçün erməni hakimiyyət orqanları və terrorçu erməni-faşist dəstələri ilə yanaşı, onlar da məsuliyyət daşıyırlar. Məhz buna görə də, nə beynəlxalq miqyasda ayrı-ayrı dövlətlər, nə də beynəlxalq təşkilatlar tərəfindən bu soyqırımı cinayətlərinə indiyədək hüquqi-siyasi qiymət verilməyib. Buna görə də, yüz minlərlə günahsız insanları, o cümlədən uşaqları, qadınları, qocaları dini-etnik mənsubiyyətinə görə məhv edən soyqırımı cinayətkarları cəzasız qalıb. Nəinki cəzasız qalıb, əksinə, böyük dövlətlərin müəyyən siyasi dairələrinin erməni ekstremizmini, cinayətkar-terrorçu erməni-faşist dəstələrini fəal müdafiə etməsi nəticəsində 1992-ci il fevralın 25-də bütün dünyanın gözləri qarşısında daha bir dəhşətli cinayət Xocalı soyqırımı törədilib.

Dünyada ikili standartlar siyasəti, irqi, dini, milli ayrı-seçkilik davam etdikcə, böyük dövlətlər özlərinin geosiyası və iqtisadi maraqlarını təmin etmək üçün Yer kürəsini etnik-siyasi münaqişələr meydanına çevirdikcə, bəşəriyyət soyqırımları təhlükəsindən xilas olmayacaq. Bu gün müsəlman Şərqində baş verən qanlı qırğınlar, Avropanın mərkəzində yenidən baş qaldıran irqi, dini-etnik ayrı-seçkilik, faşizmin yenidən dirçəlməyə başlaması, miqrantlara qarşı qeyri-insani münasibətlər bunu çox aydın sübut edir.

 

AZƏRTAC

növbəti xəbər əvvəlki xəbər

https://evisa.gov.az/en/

karabagh.lu